BRÜSSEL GÖRÜŞÜ: Sülh danışıqları istiqamətində yeni bir addım - TƏHLİL

Prezident İlham Əliyev: “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq”

“Bu ilin aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirib və bu xüsusda danışıqlara hazırdır”.Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü zamanı deyib.Dövlətimizin başçısı iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

KEÇİRİLƏN GÖRÜŞLƏRDƏ ERMƏNİSTANLA AZƏRBAYCAN ARASINDA SÜLH MÜQAVİLƏSİ ÜZRƏ DANIŞIQLARDA UĞURLU ADDIMLAR

Cari ilin may ayının 22-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirildi. Bu, Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında keçirilən yeddinci görüş idi. Ən əsası isə, keçirilən görüşlərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün möhkəm zəmin yaratmaqla yanaşı, həm də irəliləyişmələrdən əldə olunan nəticə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanmasına dair dövlət başçılarının xarici işlər nazirlərinə təlimat vermələri ilə bağlı razılaşmalar, uğurlu addımların atılmasıdır.

AZƏRBAYCAN SÜLH PROSESİNDƏ QARŞIYA QOYDUĞU HƏDƏFLƏRƏ DOĞRU İNAMLA İRƏLİLƏYİR

Ən əsas bir məqam isə, aprelin 6-da keçirilən üçtərəfli görüşdə İkinci Qarabağ müharibəsinin qalib ölkəsi kimi Azərbaycan sülh danışıqlarına başlanılması və sazişin bağlanması istiqamətində vacib 5 şərtini artıq Ermənistana çatdırdı. Bu şərtlər: Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Sözsüz ki, bu, real faktordur ki, Prezident İlham Əliyev qalib komandan kimi yalnız bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə məğlub ölkənin rəhbəri ilə sülh müqaviləsini imzalaya bilər. Daha dəqiq desək, qalib Azərbaycan Prezidentinin təklifinə əməl olunarsa, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Lakin Brüssel görüşündə məğub ölkənin rəhbəri Nikol Paşinyanın Azərbaycanın irəli sürdüyü, regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi də qəbul etməli idi və qəbul etdi də! Bir sözlə, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Çünki Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Belə olan halda Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa məhkumdur.

PREZİDENT İLHAM ƏLİYEVİN İRƏLİ SÜRDÜYÜ SÜLH MODELİ TƏKCƏ AZƏRBAYCAN DEYİL, BÜTÜN REGİON DÖVLƏTLƏRİNİN TƏHLÜKƏSİZLİYİ VƏ İNKİŞAFI ÜÇÜN AÇAR ROLUNU OYNAYIR

Qeyd edək ki, mayın 22-də Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutan Ermənistan və Azərbaycan liderlərinin görüşü tərəflər arasında sülh prosesində çox əhəmiyyətli mərhələ oldu. Sammitin nəticələri göstərir ki, bu formatda aprelin 6-da keçirilən sonuncu görüşdən ötən dövr ərzində mühüm irəliləyişə nail olunub. Bu səbəbdəndir ki, Azərbaycan sülh prosesində qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Ermənistan rəhbərliyi isə qarşısına qoyduğu öhdəliklərə tam və vaxtında əməl etmədi. Sərhəd komissiyasının yaradılması cəhdi aprelin 6-da razılaşdırıldığı kimi, həmin ayın sonuna qədər baş tutmadı. Bunun əsas səbəblərindən biri də Ermənistan rəhbərliyinə daxildən və xaricdən təzyiq edən qüvvələri, əvvəlki kriminal rejimin qalıntılarını, radikal diaspor təşkilatlarını və onlara havadarlıq edən dövlətləri göstərmək olar. Xüsusi olaraq, bir daha vurğulamaq istərdim ki, Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi Paşinyan aprelinn 6-da Brüsseldə keçirilən görüşü zamanı da zərbə aldı. Paşinyan bunu bilməlidir ki, bütün müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa bir o qədər yaxşı olar. Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa, o zaman "Dəmir yumruq" yenidən işə düşə bilər.

ŞARL MİŞEL: “SÜLH SAZİŞİNƏ GƏLİNCƏ, LİDERLƏR ERMƏNİSTAN İLƏ AZƏRBAYCAN ARASINDA DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏRİ TƏNZİMLƏYƏN GƏLƏCƏK SÜLH MÜQAVİLƏSİNƏ DAİR MÜZAKİRƏNİ DAVAM ETDİRMƏK BARƏDƏ RAZILIĞA GƏLİBLƏR”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib ki, Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltdik: «Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq. Şarl Mişel Avropa İttifaqının hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini bildirib. Şarl Mişel bildirib ki, Brüssel iqtisadi zəmində Bakı və İrəvanla üçlü iqtisadi mexanizm çərçivəsində əməkdaşlığa maraq göstərir, ancaq bunun üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Biz buna hazırıq, yetər ki, Ermənistan Azərbaycanın sərhədlərini tanısın, sülh sazişi imzalasın və dəhlizin açılmasıyla kommunkasiya xətlərinin çalışmasına şərait yaratsın.

İLHAM ƏLİYEV, ŞARL MİŞEL VƏ NİKOL PAŞİNYAN YAYDA YENİDƏN GÖRÜŞƏCƏKLƏR

“Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair açıqlamasında qeyd edib. “Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır.Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik” - deyə Avropa İttifaqı Şurasının Prezidenti çıxışını yekunlaşdırıb.Bütün bunları nəzərə alaraq söyləmək olar ki, Brüssel görüşü Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan növbəti addımdır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...