Budurmu “Qərb demokratiyası”?! SİYASİ RAKURS+ÖZƏL

ABŞ-dakı “Demokratiya Forumu”nun, əslində, həmin kirli siyasəti inkişaf etdirmək məqsədi daşıdığını da deyə bilərik

ABŞ-da keçiriləcək və sözdə “Demokratiya Forumu” adlandırılacaq bir tədbirin, əslində, demokratiyaya və insan hüquqlarına heç bir aidiyyatının olmadığını bəri başdan demək mümkündür. Belə ki, ilk növbədə ağla gələn tamamilə başqa, fərqli assosiativ düşüncələrdir. Əgər bu gün bizlər Amerikanın özündə cərəyan edən çoxsaylı insan hüquqları pozuntularını, həmçinin, Avropa ölkələrində baş verənləri süzgəcdən keçirsək əvvəl başdan görərik ki, “Qərb demokratiyası” sadəcə, ifadədir və onun kökündə dayanan pərdəarxası məqamlar reallıqda ələ alınan xalqları, dövlətləri istismar etməkdir. Biz, bunu Qərbin demokratiya bayrağı altında bir sıra ölkələrdə gerçəkləşdirdikləri inqilablarda görmüşük. Bu baxımdan, ABŞ-dakı “Demokratiya Forumu”nun, əslində, həmin kirli siyasəti inkişaf etdirmək məqsədi daşıdığını da deyə bilərik.

Başqa yandan, o da sirr deyil ki, XXI əsrdə qloballaşma şəraitində milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır. Klassik siyasi və iqtisadi vasitələrdən fərqli olaraq müəyyən ümumbəşəri dəyərlərdən istifadə olunur ki, bu sırada da “demokratiya” və “insan hüquqları” kimi institusional məfhumlar xüsusilə fərqlənir. Yuxarıda da qeyd etdiyimiz kimi, məsələ həm də ondadır ki, belə dəyərlər siyasi manipulyasiya vasitəsinə çevrilir, bunun fonunda çoxsaylı ikili standartlar nümunəsi ortaya çıxır. Ona görə də sözügedən kontekstdə daha bir neçə nümunəyə nəzər yetirə bilərik:

Qərbin subyektiv “demokratiya” anlayışı – irqçilik, diskriminasiya, insan hüquqlarının pozulması!

Bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də ABŞ-ın və Avropanın mövqe və siyasətində özünü göstərir. İkili standart faktı burada görünür ki, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Qərb ölkələrinin özündə çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi halların mövcudluğu dünya ictimaiyyətinə yaxşı bəllidir. Xüsusilə də, vətəndaşlara qarşı ayrı-seçkilik, hüquq pozuntuları “demokratiya”, “insan hüquqlarının qorunması” adı ilə pərdələnməkdədir. Ümumiyyətlə, bu ölkələrdə QHT-lər və digər vətəndaş cəmiyyəti institutlarının təzyiqlərə məruz qalması, mediaya yönəlik repressiv siyasətin həyata keçirilməsi, sərbəst toplaşmaq və vicdan azadlıqlarının pozulması kimi faktlar Qərb ictimai-siyasi mühitinin antidemokratik mahiyyətini göstərir.

Faktlar Qərb ictimai-siyasi mühitinin antidemokratik mahiyyətini göstərir və ya Tofiq Yaqublu döyülməsinə görə niyə bu qədər sevinirdi?

Misal üçün, Fransada sarıjiletlilər, Amerikada zəncilərə qarşı başladılan aqressiv siyasət polis və vətəndaş arasında aşkar savaşlar, polis zorakılıqları, əzilmələr, həbslər, qəddarlıqlar “Qərb demokratiyası”nın iç üzünü - gerçək mahiyyətini dünyaya nümayiş etdirir.

İstənilən mövzuda etiraz aksiyaları keçirilərkən polislə toqquşmalar zamanı xəsarət alanların sayı minlərlə insanı ötüb-keçir. Fransada, Belçikada, Hollandiyada və s. Avropa ölkələrində etirazçıların qarşısı rezin güllələrlə, at ayaqları altında əzdirilməklə, itləri qısqırdılması ilə, təəzyiqli su şırnaqları ilə alınır. Onu da qeyd edək ki, belə hallarda ölümlər də qeydə alınır və maraqlıdır ki, ABŞ və Qərb institutları nədənsə həmin hadisələrə münasibət bildirmirlər.

Lakin Azərbaycandakı emissarları müxalifətçilər adı altında təxribatlar törədərkən və nəticə etibarı ilə onlara həbsə məruz qalarkən dərhal ABŞ-dan, Avropadan hay-haraylar qalmağa başlayır. Məhz Qərbin bəlli qaranlıq dairələrinin təxribatları nəticəsində Tofiq Yaqublunun döyülməsi faktı (nədənsə həmin döyülməsindən sevinən Tofiq Yaqublunun özü və yaxınları döyülmə faktında sevincək olmuşdular) dərhal reaksiyalarla müşahidə olundu – bu plan deyildi bəs nə idi?

Əgər ABŞ-da “Demokratiya Forumu” keçirilirsə, demək ki, yenidən “torbada pişik var”

Göründüyü kimi, Qərb demokratik dəyərlərə münasibətdə də “Avropa standartları”ndan deyil, məhz ikili standartlardan çıxış edir. Avropa və ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobud şəkildə pozulur. Amma digər ölkələrə münasibətdə dərhal “demokratiya”, “insan hüquqları” məfhumları ortaya atılır, “Avropa dəyərləri”, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların, sadəcə, təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir.

Bir məqamı da xüsusilə diqqətə çatdırmaq lazımdır ki, Qərbdə heçə sayılan “dəyərlər” Azərbaycan kimi demokratik inkişaf yoluna malik olan hüquqi dövlətlərə qarşı təzyiq və “qara piar” kampaniyası aparmaq üçün istifadə olunur. Əlbəttə, bütün bunlar aşkar bir reallığı ifadə edir: bəzi Qərb dairələrinin Azərbaycana və müstəqil siyasət aparan digər ölkələrə qarşı bəhs olunan məfhumlardan istifadə edərək irəli sürdüyü ittihamlar tamamilə əsassızdır və təzyiq kampaniyasının tərkib hissəsidir. Və əgər ABŞ-da “Demokratiya Forumu” keçirilirsə, demək ki, yenidən “torbada pişik var” məsələsi yada düşür.

Avropa dünyaya sırımağa çalışdığı “demokratiya dərsləri”ndən niyə özü yararlanmır?

Nəticə etibarilə, özünü dünyaya “demokratiyanın beşiyi” kimi təqdim edən Qərb ölkələrinin öz vətəndaşlarının hüquq və azadlıqlarına münasibəti aydındır. Qeyd etdiyimiz kimi, Avropada və ABŞ-da vətəndaşlara qarşı ən müxtəlif təzyiq üsullarına istinad edilir, insanlar repressiyaya və zorakılığa məruz qalırlar. Belə olan halda, demokratik siyasi sistemə malik olduğunu bildirən, dünyaya “demokratiya” dərsi keçməyə çalışan Qərb, eləcə də Avropa hansı haqla və ya əsasla demokratik dəyərlərdən və insan hüquqlarından bəhs edir? Sual olunur: müxtəlif ölkələrdə demokratiyanın vəziyyəti ilə bağlı ən müxtəlif iradlar səsləndirən ABŞ və Avropa siyasi dairələrinin özündə baş verənlər ikili standartlara, antidemokratik münasibətə dəlalət etmirmi? Və yaxud onların dünyaya sırımağa çalışdığı “Demokratiya Forumu”ndan özləri niyə yararlanmırlar?! Yaxşı olardı ki, bu sualların cavablarını versinlər və verə bilmirlərsə, bizə də dərs keçməyə qalxmasınlar, yoxsa daha çox ifşa olunmağa başlayacaqlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə