İstanbulda Türk Şurasının Media Forumu başladı - FOTOLAR

Türkiyənin İstanbul şəhərində Türk Şurasının Media Forumu öz işinə başlayıb. SİA xəbər verir ki, tədbir Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə "Köklü keçmiş, güclü gələcək" şüarı altında keçirilir.

Media Forumda türk dünyasında media, serial və film sektorlarında əməkdaşlıqların inkişafı, sosial media və dezinformasiyaya qarşı birgə mübarizə yolları müzakirə ediləcək.

Tədbirdə Türk Şurasına üzv ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, müşahidəçi dövlət Macarıstanla yanaşı, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan media nümayəndələri, akademiklər, dövlət qurumları və təşkilatlarının yüksəkvəzifəli şəxsləri, sosial media fenomenləri, universitet tələbələri iştirak edirlər.

Azərbaycan Media Forumda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdirinin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur. Nümayəndə heyətinin tərkibinə bir sıra dövlət rəsmiləri, elm ocaqları və media qurumların təmsilçiləri daxildirlər.

Tədbir çərçivəsində baş tutacaq "Birlikdən doğan Zəfər: Qarabağ" mövzulu paneldə Qarabağ Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasındaki güclü həmrəyliyin bütün türk dünyası ölkələri arasında da nümayiş olunmasının vacibliyi vurğulanacaq, bu ölkələr arasında bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Bundan əlavə, Media Forumda "Ortaq mədəni gələcək: Türk dünyasında serial və film sektoru", "Keçmişdən gələcəyə türk dünyası birliyi", "Türk dünyası olaraq gələcəyi qurmaq" kimi bir sıra mövzularda panellərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, mediaforum oktyabrın 24-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə