Məmurun vəzifəsi vətəndaşlara layiqli xidmət etməkdir - TƏHLİL

Prezident İlham Əliyev: "Heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir"

Müasir dünyanın çağırışları qloballaşan dünyamızda yeni meyarların zəruriliyini ortaya qoymuş olur. Belə bir zamanda siyasi, iqtisadi uğurları ilə dünya dövlətləri sırasında öncül yerlərdən birində olan Azərbaycanda həyata keçirilən dövlət proqramları, islahatlar müasir dövrün tələblərinə uyğun şəkildə reallaşır. Yüksək Liderlik keyfiyyətlərinə malik olan Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi zaman məsafəsində ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyərək Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qüdrətli dövlətinə çevirilib. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" – deyərək ölkəyə rəhbərliyi dövründə bunu fəaliyyəti ilə sübut etdi. Əlbəttə ki, bu günün real mənzərəsi Azərbaycanın qüdrətli ölkə olduğunu göstərir.

Təbii ki, dövlət başçısının siyasətində insan amili xüsusi olaraq diqqətdə saxlanılır. Hələ 2003-cü ildə xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilərkən Cənab İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam!" sözləri qısa bir zamanda özünün doğrultu. Həyata keçirdiyi sosial siyasət, ən çətin anlarda vətəndaşın yanında olması, onların qayğı və problemlərinin həlli dövlət başçısının verdiyi vədi təsdiqləmiş oldu. Bu gün də dövlət başçısı tərəfindən insanların sosial rifahının yüksəlməsi məqsədi ilə islahatlar, layihələr həyata keçirilir. Cənab Prezidentin regionlara səfəri və xalqla birbaşa təmasada olması problemlərin həllində önəmli faktorlardandır. Vətəndaşlarla daim görüşür, onlarla səmimi söhbətlər və verilən qərarlar xalqla iqtidar birliyini daha da möhkəmlətmiş olur.

"TƏBİİ QAZLA VƏTƏNDAŞLARIMIZI TƏMİN ETMƏK BİZİM ƏSAS VƏZİFƏLƏRİMİZDƏN BİRİ İDİ"

Rayonlarla paytaxt arasındakı fərqin aradan qaldırılması, yoxsulluq, işsizlik kimi problemlərin həlli istiqamətində qətiyyətli addımların atılması insanların güzəranını, həyat səviyyəsini yüksəldib. Ölkəmizin hər bir yerində abadlıq-quruculuq işləri aparılıb. O cümlədən, Cəlilabad və Şəmkir rayonları da yeni inkişaf dövrünü yaşayırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbulu zamanı çıxışında bildirdiyi kimi, son illər Cəlilabad və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görülüb: "Dövlət investisiya proqramları çərçivəsində əsas infrastruktur layihələri icra edilib, ya da ki, bu layihələrin icrası başa çatmaq üzrədir. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası çərçivəsində hər iki rayonda böyük abadlıq işləri aparılıb. Demək olar ki, əsas infrastruktur layihələri icra edilmiş hesab oluna bilər. Hər iki rayonda elektrik təsərrüfatı tamamilə yenilənib və elektrik enerjisinin təchizatında hər hansı bir problem yoxdur. Qazlaşdırma işləri sürətlə aparılmışdır".

Cəlilabad rayonunda qazlaşdırmanın səviyyəsinin 90 faizdən çox olduğunu bildirən Cənab Prezident Şəmkir rayonunda isə 100 faizə yaxınlaşdığını qeyd edib: "Hesab edirəm ki, bu, son illər ərzində bölgələrdə aparılmış işlər arasında xüsusi yerə layiq olan işlərdir. Çünki təbii qazla vətəndaşlarımızı təmin etmək bizim əsas vəzifələrimizdən biri idi və bu gün ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıbdır. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir".

"MƏNİM İŞTİRAKIMLA CƏLİLABAD VƏ ŞƏMKİR ŞƏHƏRLƏRİNİN İÇMƏLİ SU LAYİHƏLƏRİ MƏRASİMLƏRİ HƏYATA KEÇİRİLMİŞDİR"

Əlbəttə ki, tərəqqi edən, yüksək nailiyyətlərə imza atan Azərbaycanda hər bir sahədə müsbət irəliləyişlərə nail olunması bir daha deməyə əsas verir ki, ölkədə dayanıqlı inkişaf uğurla təmin edilib. Bu gün ölkəmizdə əhalinin içməli su ilə təchizatı, su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, artan tələbata uyğun dayanıqlı su təchizatının təmin edilməsi məqsədi ilə tədbirlər həayta keçirilib. "Mənim iştirakımla Cəlilabad və Şəmkir şəhərlərinin içməli su layihələri mərasimləri həyata keçirilmişdir", - deyən Cənab Prezident şəhərlərə 2013-cü və 2017-ci illərdə içməli suyun verilməsinin də böyük hadisə olduğunu bildirib: "Eyni zamanda, bir çox kəndlərdə bu problem öz həllini tapıb. Suvarma ilə bağlı böyük işlər görülüb. Bir çox artezian quyuları qazılıb. Eyni zamanda, Şəmkir rayonunda böyük su anbarı tikilib – Şəmkirçay su anbarı. Hansı ki, həm Şəmkir, həm də qonşu rayonlarda meliorativ tədbirlərin görülməsi üçün yeni imkanlar yaradıb, həmçinin suvarılan torpaqların miqyasını böyük dərəcədə genişləndirib"

"HƏR İKİ RAYONDA 120-YƏ YAXIN MƏKTƏB TİKİLİB VƏ YA ƏSASLI TƏMİR EDİLİB"

Dövlət başçısı çıxışında sosial infrastrukturla bağlı böyük işlər görüldüyünü də dəqqətə çəkib. Rayonlarda görülən işlərə nəzər salaraq bildirib ki, hər iki rayonda 120-yə yaxın məktəb tikilib və ya əsaslı təmir edilib: "İki böyük xəstəxana inşa edilib - 190 və 145 yerlik. Bundan əlavə Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi inşa edilib. İki böyük Olimpiya İdman Kompleksi istifadəyə verilib. Yəni, sosial və infrastruktur layihələrinin icrası göz qabağındadır. Əlbəttə ki, bu, rayonların uğurlu inkişafı üçün əsas zəmin yaradır. Çünki əgər bu ilkin addımlar atılmasaydı rayonların inkişafından söhbət gedə bilməzdi. Bütün bu işlər dövlət büdcəsi hesabına və mənim göstərişimlə, mənim tərəfimdən təsdiq edilmiş Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramları çərçivəsində görülübdür".

"ƏGƏR MƏMURLAR ÖZ İŞİNDƏ YENƏ DƏ BU ÇİRKİN ƏMƏLLƏRDƏN ƏL ÇƏKMƏSƏLƏR, ONLARIN DA AQİBƏTİ EYNİ OLACAQ"

Azərbaycan Prezidenti İlham Əliyevin çıxış və nitqlərində ölkəmizdəki uğurlarla yanaşı, nöqsan və çatışmızlıqlar da qeyd olunur. Dövlət başçısı çıxışında vətəndaş-məmur münasibətlərinə toxunaraq, öz tövsiyə və tapşırıqlarını da verib. Əlbəttə ki, ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. "Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, siz artıq yerdə qalan məsələləri həll edin. Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın", - deyən Prezident diqqətə çəkib ki, əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük: "Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir".

Bütün dövlət məmurlarının vəzifəyə təyin olunduğu zaman öz tövsiyələrini verən Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Hamı qanun qarşısında birdir və əməlinə görə cavab verməlidir. Son illər ərzində bir çox yüksək vəzifəli məmurların, yerli və mərkəzi icra orqanlarının rəhbərlərinin, eyni zamanda, sabiq rəhbərlərin, nazirlərin, icra başçılarının cinayət məsuliyyətinə cəlb edildiyini bildirən dövlət başçısı diqqətə çatdırıb ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz: "Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar".

"DÖVLƏT MƏMURU NÜMUNƏ OLMALIDIR, YERLƏRDƏ İNSANLARIN DOLANIŞIĞI, İNSANLARIN RAHATLIĞI DÖVLƏT MƏMURUNUN FƏALİYYƏTİNDƏN ASILIDIR"

Dövlət başçısı ciddi nöqsanlar toxunaraq bildirib ki, istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar: "İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər". Bu və digər nöqsanları bildirən Cənab Prezident yeni təyin olunan icra başçılarının qarşısına mühüm tapşırıqlar qoyub. Əlbəttə ki, bu, yalnız yeni icra başçılarına deyil, bütün məmurlara şamil edilir. "Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır", - deyən Prezident qeyd edib ki, onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar: "Mənim tövsiyələrimin içində bu tövsiyə də həmişə xüsusi yer tutur. Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə