Naxçıvanda hərbi xidmətə çağırış müvəffəqiyyətlə yekunlaşıb

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı Sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Muxtar respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 1-dən başlayan çağırış müddətində müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri ilə bərabər, həkim mütəxəssislərin də iştirak etdiyi komissiyalarda çağırışçıların tibbi müayinədən keçməsi prosesinin şəffaflığına dəqiqliklə yanaşan, xidmətin şəhər və rayon idarələrində müəyyən qrafikdə fəaliyyət göstərən komissiyanın tələblərinə cavab verən, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşlar komissiyanın qərarı ilə Vətən qarşısında müqəddəs borcunu ödəmək haqqını əldə edib.

Qeyd edək ki, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə göndərilib.

Vətənə borcunu ödəmək vaxtı çatan, şanlı Ordumuzun sıralarına qoşulub xidmətə başlamağı həyəcanla gözləyən çağırışçılar da həqiqi hərbi xidmətə mütəşəkkilliklə, böyük ruh yüksəkliyi ilə yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...