Azərbaycan Avropa İttifaqının əsas tərafdaşlarından biri kimi - MƏQALƏ

Müstəqil Azərbaycanın regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirmək istiqamətində atdığı addımlar, dövlətlərarası münasibətlərdə daim müsbət istiqamətdə görülən tədbirlər hər zaman dünya dövlətləri tərəfindən diqqətlə izlənilmiş və yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyi ilk vaxtlardan beynəlxalq təşkilatların daimi, hüquqi üzvü olmaq istiqamətində addımlar atmış və bunun nəticəsində, Azərbaycan Respublikası 1991-ci ilin dekabrında İslam Konfransı Təşkilatı, 1992-ci ilin martında BMT, 1992-ci ilin iyulunda ATƏM (ATƏT), 1993-cu ilin sentyabrında MDB kimi beynəlxalq təşkilatlara üzv seçilmişdir. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk vaxtlardan Azərbaycanı beynəlxalq arenada tanınmasına xüsusi diqqət yetirmiş və bu istiqamət Heydər Əliyevin başlıca məqsədlərindən biri olmuşdur. Azərbaycan Respublikası Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransanın paytaxtı Parisdə “Avropa Xartiyası”nı imzalamasından sonra beynəlxalq təşkilatların xüsusilə diqqətində olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq Azərbaycan yeni əsrin başlanğıcında Avropa qitəsinin, ümumiyyətlə dünyanın ən mühüm və güclü təşkilatlarından biri olan “Avropa Şurası”na (Council of Europe) 2001-ci ilin yanvar ayında tam hüquqlu üzv qəbul edildi və bununla da Azərbaycanın siyasi arenada gücü və mövqeyi daha da artmış və möhkəmlənmiş oldu. AŞ-na qoşulmaqla Azərbaycan diplomatiyası Avropaya inteqrasiya proseslərinə qoşulmaq uğrunda mübarizədə böyük qələbə əldə etmişdir

Bununla yanaşı Ümummilli lider Heydər Əliyev Avropa İttifaqı ölkələri ilə də daim sıx əməkdaşlıq əlaqələrinin qurulmasında və gücləndirilməsi istiqamətində addımlar atılmışdır. Heydər Əliyevin Respublikaya rəhbərliyi dövründə Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmiş və bu yöndə müsbət nəticələr əldə edilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi varisi olan Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dövründə də Azərbaycan Respublikası Avropa İttifaqı ilə daim qarşılıqlı əlaqədə fəaliyyət göstərmiş, Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşından birinə çevrilmişdir. Beləki, müasir dövrdə respublika ticarətinin 40 faizi Avropa İttifaqı ilə aparılırki, bu da, Azərbaycan Respublikasının iqtisadi və siyasi gücünün göstəricilərindən birini təşkil edir. Azərbaycan Respublikasının coğrafi mövqeyi, zəngin təbii sərvətləri Avropa İttifaqı ilə birlikdə beynəlxalq səviyyədə nəhəng layihələrin həyata keçirilməsi üçün şərait yaratmışdır. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonlarında Azərbaycan Respublikası üçün tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməridəki işlər başa çatdırılaraq istismara verildi. Yanvar ayının 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac edərək Avropa İttifaqındakı əhəmiyyətini bir daha sübut etmiş oldu. “Əsrin müqaviləsi”ndən sonra Azərbaycan Respublikası üçün böyük əhəmiyyətli ikinci bir layihə olan “Cənub Qaz Dəhlizi” layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur.

Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri Azərbaycan Respublikasının Avropa İttifaqı üçün əhəmiyyətinin bir göstərcisidir və tərəfdaşlığımızın vacibliyini vurğulayan daha bir hadisədir. Şarl Mişel öz çıxışında Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində uzun illərdir görülən tədbirlərin əhəmiyyətini vurğulayaraq, ölkəmizin gələcəkdə də Avropa İttifaqı ilə böyük layihələr həyata keçirəcəyinə əminliyini qeyd edib. Şarl Mişel eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi və inkişafı üçün çox yaxşı əsaslar mövcud olması haqqında da fikrini ifadə edib.

Azərbaycan Avropa və Asiya arasında mühüm nəqliyyat və logistik mərkəz rolunu oynayır. Müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası yük daşımada həm quru, həm su yolu ilə öz rolunu daha da artırmışdır. Azərbaycan Respublikası Türkiyə Cumhuriyəti və Gürcüstan Respublikası ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşdur. 2017-ci ildə açılışı olan Bakı-Tiblisi-Qars dəmiryolu Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə vermişdir. Azərbaycan eyni zamanda dənizlərdə də yükdaşımada öz rolunu daim artan istiqamətdə inkişaf etdirir. Azərbaycan Xəzər regionunda ən böyük dəniz donanmasına malikdir. Bu, bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. 2015-ci ildə Ələt Beynəlxalq Ticarət Limanının açılışını Azərbaycanın dənizlərdə yükdaşıma, nəqletmə potensialını on qat daha da artırmış və şərqlə qərbin ticarət və nəqliyyat əlaqələrində öz vasitəçiliyini daha da yüksəltmişdir.

Azərbaycan Respublikası 2020-ci ildə iqtisadi gücüylə yanaşı öz hərbi gücünü də dünyaya sübut etdi. Beləki, müstəqilliyimizin ilk illərində iqtisadi və hərbi baxımdan geri olan Azərbaycanın bu geriliyindən istifadə edən Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, 30 ilə yaxın bir müddətdə işğal altında saxlamışdır. Bu 30 il ərzində Azərbaycan Respublikasının mübahisəni beynəlxalq səviyyədə sülh yolu ilə həlletmə cəhdlərinə baxmayaraq işğalçı ölkə öz mövqeyindən dönməmiş və qəbul olunmuş BMT qətnamələrini yerinə yetirməkdən boyun qaçırmışdır. Son nəticə olaraq Azərbaycan Respublikası öz əzəli torpaqlarını azad etmək hərbi gücdən istifadə etmək məcburiyyətində qalaraq, ermənilər tərəfindən növbəti dəfə törədilən təxribat zamanı əks-hücum əməliyyatlarına başlamışdır. 2020-ci ilin sentyabr ayının 27-si başlayan və cəmi 44 gün davam edən “Dəmir Yumruq” əks-hücum hərbi əməliyyatları nəticəsində Ermənistan Respublikası böyük məğlubiyyətə uğramış və 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diktə etdiyi kapituliyasiya aktına imza atmışdır. Təslimolma aktı olmağa yanaşı, həmin bu sənəddə həmçinin Azərbaycan Respublikasının beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə rolunu artıracaq bir bənd də əlavə edilmişdir. Beləki, bu sənəddə Azərbaycan Respublikasının əsas hissəsi ilə SSRİ dövründə quru əlaqəsi kəsilmiş Naxçıvan MR-sı arasında birbaşa əlaqələni təmin edəcək Zəngəzur dəhlizi açılması haqqında da bənd göstərilmişdir. Zəngəzur dəhlizi planı Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında quruyolla olan yeganə və həmçinin beynəlxalq əhəmiyyətə malik olan bir nəqliyyat xəttidir. Prezident İlham Əliyev də daim öz çıxışlarında Zəngəzur dəhlizinin əhəmiyyəti, mahiyyəti haqqında fikirlərini ifadə etmişdi və bu dəhlizin açılmasının vacibliyini qeyd etmişdir.

Beləliklə, müstəqil Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsipləri əsasında fəaliyyət göstərməklə yanaşı, regionun əsas iqtisadi, siyasi və hərbi gücü olaraq Avropa İttifaqı ilə daim sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Elvin Zeynalov

Bakı şəhəri 149 nömrəli tam orta məktəbin tarix müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...