Azərbaycan xarici mediada: nələr yazırlar? - VİDEO

Bir fransız jurnalisti Azərbaycan haqqında erməni miflərini necə məhv etdi?

Moskva-Baku platformasında “Fokus” proqramında aparıcı Darya Tarasova xarici mediada Azərbaycanla bağlı yazılan bəzi məqalələrdən danışıb. Verilişdə qeyd olunan məqamları oxucularımıza çatdırmaq istəyirik.

Ölkənin həqiqi mənzərəsi

Nədənsə Fransada Qarabağ münaqişəsində məşhur əsərdəki kimi 3 personaj olduğu qəbul edilir- Yaxşı (Ermənistan), Pis (Azərbaycan) və Çirkin (Türkiyə). Əslində, hər şey tamamilə fərqlidir- deyə Fransanın “Causeur” qəzetinin müəllifi Fransua Marqolin yazır.

Müəllif münaqişə zamanı Fransa mətbuatının Ermənistanın tərəfini tutduğunu qəbul edir: "Əlbəttə, bunun bir izahı var: Erməni icması Fransada bu qədər müddətdir mövcuddur və o qədər yaxşı inteqrasiya olunmuşdur ki, fikirlərini təbliğ etmək üçün bütün metodlardan istifadə etmişdir".

Fransua Marqolen fərqli bir fikir eşitməyə qərar verdi və Azərbaycana getdi. Odlar yurdunda onu isti qarşılamış, ölkəni sərbəst gəzə bilmiş, eləcə də 2020-ci ilin sonunda Azərbaycan ordusu tərəfindən azad edilmiş Qarabağ ərazisindən keçmişdir. Və müəllifin təəccübləndiyi bir məqam, özünün dediyi kimi, "Azərbaycan Ermənistanın dediyi kimi, dəhşətli bir İslam ölkəsi deyil".

“Əslində, ölkə 1918-ci ildən bəri dünyəvi bir respublikadır, qadınlar o andan etibarən səs vermək hüququna sahibdirlər (yəni Fransadakından təxminən 30 il əvvəl bu hüququ almışlar) və orada heç kim çadra geyinmir. Həm paytaxtda, həm də kəndlərdə. Heç bir yerdə. Üstəlik, oradakı qızlar mini yubkalar geyinir və böyük şəhərlərdə dolu olan barlarda dostları ilə içməyi sevirlər. Parisdəki kimi. Ölkə əhalisinin 96%-i müsəlmandır, ancaq heç bir yerdə müəzzin səsi eşitməyəcəksiniz, məscidlər praktik olaraq boşdur və bütün dinlər ahəngdar şəkildə mövcuddur".

Müəllif antisemitizm əlamətləri tapmağa çalışıb, ancaq bunun Fransada daha çox olduğuna əmin olub. Bakıda bir sinaqoqda ona 1942-ci ildə Vermaxtda 30.000 nəfərlik bir erməni legionu quran, Ukrayna, Krım və hətta Fransanın cənubundakı yəhudilərin qətliamından məsul olan, Ermənistanda bu gün hörmət olunan Qaregin Njde adlı “qəhrəman” haqqında danışdılar.

“Əlbəttə ki, bu legiona görə bütün erməniləri günahlandırmaq ədalətsizlik olardı. Buna baxmayaraq, 2016-cı ildə İrəvanın mərkəzində bu generalın abidəsinin meydana çıxması və bu yaxınlarda Qarabağ ermənilərinin onun Martunidəki heykəlini sökməkdən imtina etmələri onların “qəhrəman”a olan qəribə münasibətlərindən çox şey deyir. Deyim ki, hər iki fakt da 20-ci əsrdə soyqırımın əsas qurbanı olduqları üçün hər zaman yəhudilər və ermənilərin bir növ "metafizik ittifaqının" mövcudluğuna inanan bir insan kimi məni şoka saldı.

"Yaxın gələcəkdə Fransua Marqolen içərisində çox maraqlı məqamların olacağı Azərbaycan haqqında sənədli film nümayiş etdirəcəyini vəd edir. Gözləyirik!

Azərbaycandan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə

Azərbaycan və Türkiyə vətəndaşları 1 aprel tarixindən etibarən daxili şəxsiyyət sənədlərindən istifadə edərək hər iki tərəfə qarşılıqlı səfərlər edə bilərlər. Bu barədə Türkiyə mətbuatı xəbər verir. Türkiyədə vizasız qalma müddəti 90 gündür. Türkiyə Azərbaycanın sərhəddən keçmək üçün şəxsiyyət vəsiqələrinin sənəd kimi istifadəsinə dair sənəd imzaladığı ilk ölkədir. "Bu, ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərinin və yüksək səviyyəli strateji tərəfdaşlığın bariz təzahürüdür"- Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Hazırda vətəndaşlar Azərbaycan və Türkiyə arasında qarşılıqlı səfərlər üçün hava nəqliyyatından istifadə edirlər. Hər gün hər iki istiqamətdə bir neçə uçuşu Azərbaycan Hava Yolları və Türk Hava Yolları təyyarələri, eləcə də Azərbaycan ucuz hava yolu şirkəti “Buta” həyata keçirir.

İki ölkə, keçən il Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin axınına başlamağı planlaşdırmışdı, ancaq pandemiya səbəbiylə təxirə saldılar.

Bundan əlavə, fevral ayının ortalarında Füzuli rayonunda Goradiz-Ağbənd dəmir yolunun inşasına başlanılmışdır. Gələcəkdə bu yol Ermənistanın ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və Türkiyəyə birbaşa çıxış açacaqdır.

Böyük futbol bayramı tamaşaçı ilə olacaq

UEFA Avropa çempionatının oyunlarının 12 şəhərin hamısında keçiriləcəyini və tamaşaçıların tribunalara buraxılacağını təsdiqlədi. İngilis mətbuatı bu barədə yazır. “Avro-2020-yə ev sahibliyi edən şəhərlər planlarını UEFA-ya təqdim edir və burada matçlara nə qədər azarkeş göndərə biləcəklərini ətraflı təsvir edirlər.

Rusiya və İngiltərə liderdir, hər ikisi stadionları dolduracağını vəd edirlər. "Dailymail” bildirir ki, koronavirus təkcə Bakıdakı Avro-2020 oyunlarını deyil, Qarabağdakı bitmiş münaqişəni də təhdid etdi.

UEFA Bakıda 3 qrup matçının və 1/4 finalın tamaşaçı ilə keçiriləcəyinə əmindir. Xatırladım ki, Avropa çempionatı 2020-ci ildə baş tutmalı idi, ancaq koronavirus səbəbiylə ləğv edildi. Avropa ölkələri arasındakı sərhədlərin karantin səbəbiylə bağlanması vəziyyəti çətinləşdirdi.

SSRİ yığma komandasının qazandığı ilk Avropa kubokunun 60-cı ildönümü şərəfinə, Avropada geniş miqyaslı bir futbol festivalı keçirilməlidir. Final Londonda, əfsanəvi Uembli Stadionunda baş tutacaq. Futbol azarkeşləri bu dəfə pandemiyanın futboldan zövq almalarına mane olmaması üçün dua edirlər.

Böyük mütəfəkkirin 880 illik yubileyi

Bu il dünyada bir yubiley tarixi qeyd olunur. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasından 880 ildönümüdür. Moskvanın Şərq Muzeyində "Nizaminin süjetləri və təsvirləri" sərgisi açıldı. Layihə Heydər Əliyev Fondu tərəfindən dəstəklənir. Sərgi 3 may tarixinədək ziyarətçilər üçün açıq olacaq. Bu barədə Rusiyanın TASS agentliyi məlumat verib.

Misirdə isə beynəlxalq televiziya kanalı olan Egypt Nile (NIL) TV Nizami Gəncəvi haqqında bir proqram nümayiş etdirdi. Verilişdə Azərbaycan tarixi, füsunkar təbiəti, ölkənin son nailiyyətləri, eyni zamanda şairin yaradıcılığı və həyatı haqqında məlumat verilib. Yubiley şərəfinə Azərbaycanın Misirdəki səfirliyi şair və mütəfəkkirin 880 illiyinə həsr olunmuş konfrans təşkil etdi.

Novruz bayramı

Azərbaycanın ən parlaq bayramı olan Novruzun və baharın gəlişinin şərəfinə Rusiyanın “Moya Planeta” telekanalı azərbaycanlıların astronomik gücə-gündüz bərabərliyi gününü necə qarşıladıqları və Azərbaycan süfrəsində hansı yeməklərin verildiyi barədə bir süjet hazırladı. Bunların çoxuna resept kitablarında rast gəlinmir.

Aparıcı Anton Zaytsevə resepti bir neçə əsr əvvəl ixtira edilmiş və tərkibində 100 inqridiyent olan sirli ədviyyat hədiyyə edildi. Kompozisiya ciddi şəkildə qorunur, amma gəlin bir şey təxmin etməyə çalışaq. Zəfəran və zəncəfil, hindistan cevizi, qərənfil və bir gül. Digər 95 komponenti təxmin etmək qalır.

Novruzun əsas balıq yeməyi “Ləvəngi”nin bişirilməsini göstərdilər. Ənənəvi Azərbaycan şirniyyatları olan şəkərbura, paxlava... Süjet yalnız şirniyyatların hazırlanmasının bütün mərhələlərini izah etmədi, həm də ətraflı bir resept verdi.

Hər kəs öz mətbəxində üyüdülmüş fındıq, şəkər və hil ilə doldurulmuş şəkərbura hazırlamağa cəhd edə bilər, amma pandemiya geri çəkilən kimi Azərbaycana gedib özünəməxsus Azərbaycan mətbəxindən dadmaq daha yaxşıdır.

Son bir həftədə xarici media Azərbaycanı belə gördü.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Verilişə buradan baxa bilərsiniz

https://www.youtube.com/watch?v=AcYnlje2EcI

Bütün xəbərlər Facebook səhifəmizdə