Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb

Xarici işlər naziri Ceyhun Bayramovun fevralın 22-də BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və digər partlayıcı sursatlar ilə kütləvi çirklənməsindən irəli gələn ciddi təhlükə və Ermənistanın minalanmış ərazilər ilə bağlı müvafiq məlumatı verməkdən imtina etməsinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, məktubda münaqişədən sonrakı dövrdə Azərbaycanın azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların mövcudluğunun azərbaycanlı hərbiçilərin və mülki şəxslərin sağlamlığına ciddi təhlükə olduğu qeyd olunur. Bildirilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mina partlayışı nəticəsində 9 mülki şəxs daxil olmaqla, 15 vətəndaş həyatını itirib və 8 mülki şəxs daxil olmaqla, 65 vətəndaş ciddi yaralanıb.

Məktubda vurğulanır ki, Azərbaycanın azad edilmiş ərazilərinin minalarla kütləvi şəkildə çirklənməsi bu ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə ciddi maneələr yaradır.

C.Bayramov BMT Baş katibinin diqqətinə çatdırır ki, Ermənistan minalanmış ərazilər ilə bağlı dəqiq məlumatın verməkdən imtina etməklə beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini ciddi şəkildə pozur. Burada, həmçinin vurğulanır ki, Ermənistan tərəfindən basdırılmış minaların insan həyatına son qoyması müharibə cinayətidir.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə aşağıdakı keçiddən tanış olmaq olar: https://undocs.org/a/75/778.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...