"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov

Bu gün Türkmənistan ilə Azərbaycan arasında ənənəvi dostluq, qardaşlıq münasibətlərində çox əhəmiyyətli gündür. Türkmənistan ilə Azərbaycan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanır. Ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib.

SİA-nın məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüş zamanı deyib.

Q.Berdiməhəmmədov bildirib ki, şübhəsiz ki, Memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir:

“Möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, bizim regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır, ölkələrimizin milli iqtisadiyyatlarının inkişafına və dinamik artımına, yəni, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə güclü təkan verilir.

Bu gün Türkmənistan ilə Azərbaycan arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik.

Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə