Ağcabədidə YAP-ın yaranması münasibətilə videokonfrans keçirilib

YAP Ağcabədi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirib. SİA-nın verdiyi məlumata görə, videokonfransda YAP ərazi ilk təşkilat sədrləri, YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurası, Gənclər Birliyinin üzvləri iştirak ediblər. Videokonfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq konfrans iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü və erməni işğalçıları üzərində qazanılmış Qələbə münasibətilə təbrik edib

R.Əhmədov çıxışında bildirib ki, Azərbaycan xalqı 30 ilə yaxındır ki, işğalda olan Qarabağ torpaqlarının azad edilməsini səbirsizliklə gözləyiblər. Bu müddət ərzində istər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə, istərsə də Ulu Öndərin siyasi varisi cənab Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq ardıcıl olaraq həm siyasi müstəvidə, həm də ordu quruculuğu sahəsində gördüyü işlər öz bəhrəsini verdi, addım-addım bizi qələbəyə yaxınlaşdırdı.

Sentyabrın 27-də erməni təcavüzünə cavab olaraq başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir tarix yazdı. İqtidar-Xalq-Ordu birliyi öz bəhrəsini verdi. Hamı yumruq kimi birləşdi, hər kəs Qələbəyə öz tövhəsini verdi və möhtəşəm Qələbə qazanıldı. Bu qələbənin qazanılmasında şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Bu qələbənin qazanılmasında qardaş Türkiyənin Azərbaycana göstərdiyi siyasi dəstək də qələbəmizi şərtləndirən səbəblərdən biridir.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev əsl sərkərdə kimi hərəkət edərək xalqı və ordunu ruhlandıraraq, öz ardınca apardı, öz xalqına güvənərək demək olar ki, dünyanın böyük güc mərkəzləri ilə siyasi meydanda təkbətək döyüşdü, ona qarşı edilən təzyiq, hədə-qorxulara mətanətlə sinə gərdi və bütün dünyaya sübut etdi ki, Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və Qarabağ torpağı Azərbaycanın əzəli torpaqlarıdır.

R.Əhmədov çıxışında onu da vurğuladı ki, Vətən müharibəsi dövründə Yeni Azərbaycan Partiyası da böyük bir siyasi qüvvə kimi öz iradəsini ortaya qoydu. 50 siyasi Partiyanın birgə bəyanatında, eyni zamanda ayrılıqda YAP adından beynəlxalq təşkilatlara, siyasi partiyalara müraciətlər edildi, Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırdı.

Konfransda YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Radə Qafarova, YAP Hacıbədəlli ərazi ilk təşkilatının sədri Feyzulla Feyzullayev çıxır edərək tədbir iştirakçılarını təbrik etdilər və mövzu ətrafında öz mülahizələrini bölüşdülər.

Konfransda ilk təşkilatlara qarşıda duran vəzifələr barədə tövsiyələr verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə