Demokratik yanaşma senatorların səs toplamaq manevrlərindən üstündür - ŞƏRH ÖZƏL

"Fransa senatında senatorlar noyabr ayının 25-i üçün Qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı məsələni müzakirəyə çıxarmağa hazırlaşırlar. Biz də Azərbaycanda vətəndaş cəmiyyətində fəaliyyət göstərən bir sıra təşkilatlarının nümayəndələri olaraq məsələyə öz etirazımızı bildirmək üçün Fransa səfirliyi qarşısında piket keçirdik. Bu aksiyaya bir çox təşkilatlar qoşulmaq istəyirdi, lakin pandemiya şəraiti ilə əlaqədar olaraq sadəcə 13 nəfərdən ibarət bir müraciətin hazırlanmasını nəzərədə tutduq. Bu müraciət sırf Fransa senatında qondarma respublikanın tanınması ilə əlaqədar müzakirə ilə bağlı idi və biz həmin müraciətdə Azərbaycan vətəndaş cəmiyyətinin etirazını bildirdik". Bunu SİA-ya açıqlamasında QHT-lərə Dövlət dəstəyi Şurasının katibi Nərgiz Xələf deyib

O, söyləyib ki, Avropa Birliyi bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və hörmət edir: "Bütün sənədlərdə də bu öz təsdiqini tapır. Avropa Birliyi ölkəsi olaraq Fransa bu cür davranışı ilə Avropa İttifaqına da zidd hərəkət edir. Digər bir məqam isə ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin bu cür tərəfli siyasət yürütməsi həmçinin beynəlxalq hüquqa ziddir. Frasanın özü ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu cür məsələlərin üstü hər hansı maraqlı dairələrin yalanları ilə uzun müddət örtülə bilməz. Noyabrın 25-i olmamış artıq gördük ki, Fransa prezidenti Makron özünün şəxsi hesabında şəxsən özü deyir ki, beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan torpağıdır. Bunu danan istənilən ölkə beynəlxalq hüquqa, demokratiyaya, insan hüquqlarına, ölkə haqlarına zidd hərəkət edir deməkdir. Əgər Fransa senatında bu cür müzakirə keçirilsə, hər zaman demokratiyadan daha çox dəm vuran Fransa bütün bu prinsiplərin üstündən xətt çəkmiş olacaq".

N.Xələf vurğulayıb ki, Makronun Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar dediyi həqiqəti öz instagram səhifəsində dilə gətirməsi Fransa ilə bağlı ümidlərimizin ola biləcəyini göstərir: "Əminəm ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq və yaxşı mənada senatorların ağılları başlarına gələcək. Çünki beynəlxalq hüquq, ölkələrin suverenliyi, demokratik yanaşma senatorların səs toplamaq manevrlərindən üstündür. Əgər Fransa göstərsə ki, senatorların səs toplamaq manevrləri beynəlxalq hüquq prinsiplərindən üstündür, o zaman bu onu deməyə əsas verir ki, Fransanın nə ATƏT-in Minsk Qrupu kimi həmsədr olaraq üçlükdə yeri yoxdur və nə də Fransa azərbaycanlılar olan yerdə bir də yuxarıda göstərilən prinsiplərdən danışa bilməz. Mən əminəm ki, bu belə olamayacaq. Artıq prezident Makron Azərbaycanın ərazi bütövlüyünü, beynəlxalq hüququ dilə gətirməsi Fransanın reallığa göz yuma bilməyəcəyini göstərir. Çünki bu həqiqətə göz yummaq mümkün də deyil. Fikrimcə ədalət beynəlxalq müstəvidə də öz yerini alacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə