Azərbaycan-Ermənistan: İnformasiya müharibəsində son vəziyyət necədir? - ANALİZ

Dünya mediasında və sosial şəbəkələrdə erməni dezinformasiya və təxribatlarına qarşı mübarizədə hansı vəziyyətəyik?

XXI əsr elektron texnologiyalar və informasiya əsridir. Bu dövrdə əsas fəaliyyət sahələri elektron platformaya keçir. Bu istiqamətdə əsas rolu öz üzərinə internet götürüb. İnternet informasiya məkanına tam nüfuz edib və artıq operativliyə və əhatə dairəsinə görə ənənəvi elektron media vasitələrini- televiziya və radionu da geridə qoyub. İndi hər kəs yuxudan duran kimi birinci sosial şəbəkələrə daxil olur ki, görək ölkədə, dünyada nə baş verir, kim kimə nə deyib. Əlaqələr də daha çox internet üzərindən qurulur, messencerlər, sosial şəbəkələr, email sistemləri və s. vasitəsilə.

İnternet resurslarından kim necə istifadə edir?

Bu virtual dünyada artıq 3 milyard adam var, Azərbaycanda isə azı 5 milyon. Sosial şəbəkələrin gücü, qüdrəti haqda danışmaq üçün təkcə ərəb ölkələrindəki, Ukraynadakı vətəndaş müharibələrində onun rolunu xatırlamaq kifayətdir. Əhəmiyyəti haqda isə istənilən qədər danışmaq olar.

Bu sosial şəbəkənin varlığı informasiya azadlığını son həddə çatdırıb. İndi heç bir hadisəni, xəbəri, faktı gizlətmək mümkün deyil. Hərənin əlində bir smartfon (dolayısı ilə foto və videokamera, diktafon, internet, poçt qutusu və s.) var və məlumatı hadisə yerindən birbaşa yayımla verirlər.

Bu qlobal şəbəkənin başqa əhəmiyyətli tərəfləri də var. İndi hər gün ölkədə və dünyada baş verənlərdən hali olmaq üçün onlarla qəzeti, saytı nəzərdən keçirməyə ehtiyac yoxdur. Sosial şəbəkəyə girirsən və görürsən ki, bütün xəbərlər, yazılar, maraqlı materiallar paylaşılıb- necə deyərlər, hamısı bir arada. Xüsusilə də, jurnalistlər üçün sosial şəbəkənin əvəzi yoxdur.

Hətta siyasi mübarizə də vitual məkana transformasiya olunub. Meydanlara çıxa bilməyən müxalifət burda fəal mübarizə aparır. Opponentləri ilə uzun sürən virtual döyüşlər keçirirlər. Mətbuat da bu mübarizəni işıqlandırır.
Sosial şəbəkələrdə müxtəlif aksiyalar, təbliğat, reklam kampaniyaları da aparılır. Bunların bəziləri humanist xarakter daşıyır, kiməsə qan lazımdır, kiminsə müalicəsinə kömək lazımdır, uşaq evlərinə yardım üçün aksiya keçirilir və s.

Burda öz əsərlərini, yazılarını, fərdi xüsusiyyətlərini, naliyyətlərini, münasibətlərini, istehsal etdiyi və ya satdığı məhsulları, göstərdiyi xidmətləri cəmiyyətə çatdırmağa çalışanlar az deyil. Lakin bu məkandan özünüreklam, yaltaqlıq, hamam suyu ilə dost tutmaq, başqasını ləkələmək, təxribat təşkil etmək məqsədilə də gen-bol istifadə olunur.

Bir sözlə internet məkanında həmişə mübarizə, müharibə gedir. İndi bu "müharibə" artıq başqa müstəviyə keçib və Vətən müharibəsinin elementi kimi qəbul olunur.

İnformasiya müharibəsində qalib olmaq nə üçün vacibdir"

Sosial şəbəkələrdə müxtəlif dövlətlərin casus və təbliğat qrupları fəaliyyət göstərir. Onların məqsədi ictimai fikri işlədikləri dövlətin maraqlarına kökləmək, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək və dolayısı ilə ortalığı qarışdırmaqdan ibarətdir.

Belələrini aşkar etmək çətin deyil, “həftə səkkiz- mən doqquz” xarici ölkələrə "gəzməyə" gedən bu gənclər (yaşlılar da az deyil) müvafiq "verbovka" kursunu keçib geri göndərilir. Bütün hadisələrdə də konkret xarici dövlətin maraq və mənafelərindən çıxış edirlər.

Sosial şəbəkələrdə xarici qüvvələrin maraqlarına işləyən minlərlə profil, qrup, səhifə yaradılıb. Öz xalqının, öz dövlətinin mənafeyinə çalışanların qrup və səhifələri isə çox azdır. Belə istifadəçilər var gücləri ilə maarifləndirici materiallar yayırlar, xarici və daxili düşmənlərə qarşı virtual da olsa döyüşürlər, amma onlar həmin mütəşəkkil qruplar tərəfindən hücuma məruz qalır.

Sosial şəbəkələrdə və digər onlayn resurslarda mübarizə təkcə cəmiyyətdaxili ideoloji və sair müstəvilərdəki mübarizədən ibarət deyil, qlobal məkanda dövlətlərarası mübarizə də gedir. Azərbaycanın Ermənistan və erməni lobbisi kimi düşməni var. Torpaqlarımızı işğal edən, xalqımızı soyqırım və deportasiya məruz qoyan erməni faşistlərinə qarşı real müstəvidə döyüşlə birgə, virtual müstəvidə də müharibə aparmalıyıq.

Hazırda elə belə edirik. Virtual məkanda sözün əsl mənasında müharibə gedir - informasiya müharibəsi.
İnformasiya müharibəsi hazırki dövrdə çox vacibdir. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün sosial şəbəkələrdən, onlayn informasiya sistemlərindən səmərəli istifadə etmək lazımdır. Bunun üçün savadlı olmalı, azı 1-2 beynəlxalq dili bilməli və o dillərdə mübaizə aparmalıyıq.

Lakin təəəsüflə qeyd etməliyik ki, ermənilər bu imkanlardan daha yaxşı istifadə edirlər. Əksər mübahisə və müzakirələrdə ermənilər üstünlüyü ələ alır, çünki bizimkilər öz auditoriyamızda bir-birinə eyni xəbərləri yazıb paylaşmaqla məşğuldur, halbuki gedib rus və ingilis dillərində qlobal şəbəkələrdə mübarizə aparmalıyıq. Nəticədə, bu sahədə zəif vəziyyətə düşürük. Beləliklə, virtual məkanda gedən müharibədə vəziyyət hələ ki bizim xeyrimizə deyil.

Qarabağ həqiqətləri informasiya müharibəsi müstəvisində

Son günlər Azərbaycan Ordusunun işağlçı və terrorçu Ermənistan ordusuna qarşı Qarabağda əks-hüuma keçməsi və döyüşlərin başlaması ilə bağlı qlobal informasiya məkanında virtual müharibə daha da aktivləşib. Ermənilər bütün sosial şəbəkələrdə, forumlarda, media orqanlarında dezinformasiya və əks-təbliğat kampaniyası aparırlar. Yaydıqları məlumatların demək olar ki, hamısı saxta, yalan və qərəzlidir. Azərbaycanlı, rus, ingilis, türk adları ilə profillər, səhifələrdə saxta məlumatlar yayırlar.

Bloklanmış sosial şəbəkələrə giriş üçün VPN proqramlarının mövcudluğu, hökumətin bu həssas məqamda dezinformsiya və təxrbatların qarşısını almaq üçün həyata keçirdiyi təhlükəsizlik tədbirlərinin təsirini azaldır. Əksəriyyət bu proqramlarınn köməyi ilə istədikləri resursa daxil olur, nəticədə bəzi vətəndaşlarımız bilərəkdən və ya bilməyərəkdən saxta və təxribatçı informasiyaların yayılmasına şərait yaradır. Lakin unutmaq lazım deyil ki, bunlar casus proqramlarıdır və onu yükləyən şəxsin bütün məlumatlarını, parollarını, şəxsi fəaliyyətini nəzarət altına alır.

Sosial şəbəkələrdə hərə ağlına gələni yazır, bir çoxu da bilərəkdən ya da bilməyərəkdən erməni dezinformasiya və təbliğat maşınına xidmət edir. Bilərəkdən edənlər əsasən yazırlar ki, filan qədər şəhid vermişik, filan qədər texnikamız vurulub… Mənbə də hara olsa yaxşıdır? Erməni mediası və ya sosial şəbəkə səhifələri. Bu qədər də axmaq, savadsız, düşüncəsiz olmaq olmaz. Demək bu aşkar provakasiyadır və bunu qəsdən edirlər.

Bilərəkdən edənləri qoyaq bir kənara. Onların işi budur, vətəni, xalqı satmaqla müəyyən xarici dairələrdən yaxşı pul alırlar. Əsas məsələ bilməyərək edənlərin maarifləndirilməsidir.

İnformasiya müharibəsində hansı səhvlərə yol veririk?

Məsələn yazırlar ki, ordumuz Xankəndini dəhşətli bombardmana tutub, xeyli erməni qırılıb. Bu əlbəttə, ermənilərin yaydığı saxta məlumatdır və məqsədi də məlumdur. Ermənilər neçə gündür elə son çarə kimi bundan yapışıb bütün dünyaya dezinformasiya yayırlar ki, Azərbaycan ordusu mülki əhalini körpələri qırır, bizim sadəlövh şəbəkə istifadəçiləri isə bu məlumatı bilməyərəkdən düşmənə xidmət edirlər. Halbuki, ordumuz sırf hərbi obyektlərə zərbə endirir və mülki əhaliyə toxunmur. Bunu Ali Baş Komandan da qəti şəkildə bəyan edib.

Biri yazır ki, Kəlbəcəri tam mühasirəyə almışıq. Ay yoldaş, sən heç məktəbə getməmisənmi, orada coğrafiya keçməmisənmi, öz ölkənin xəritəsini bircə dəfə belə görməmisənmi? Kəlbəcərin yarısı Ermənistanla sərhəddir, onu tam mühasirəyə almaq üçün gərək Ermənistanla sərhədi tutasan. Ermənilər də elə çalışır dünyaya desinlər ki, bunların dərdi Qarabağ deyil, Ermənistanı işğal etmək, erməniləri qırmaqdır. Nəyə xidmət etdiyinin fərqindəsənmi, vətəndaş?!

Biri yazır ki, türk əsgərləri erməni ordusunu məhv edəcək. Erməni də xristian ölkələrinə bunu deyir ki, Azərbaycanın yanında 3-cü ölkə döyüşür, siz də bizə kömək edin. Bizim öz ordumuza nə gəlib ki, başqa ölkənin ordusu gəlib bizim düşmənimizlə döyüşsün? Düşmənin dəyirmanına su tökməyin bir yana qalsın, ordumuzu niyə təhqir edirsən, vətəndaş?! Mahiyyətini, mənbəyini bilmədiyin xəbərləri yayma. Xəbər yaymaq işi ilə jurnalistlər məşğul olur. Sən də get iynəni vur, dərsini keç, mebelini düzəlt, yeməyini bişir, evini tik. Hərə öz işi ilə məşğul olsa yaxşıdır.

Bəziləri yazır filan rayonları almışıq. Əvvəla, beş-on bəyənmə qazanmaq üçün belə həssas məsələdə artistik etmək lazım deyil. İkincisi, əgər almışıqsa belə, bunu Müdafiə Nazirliyi lazım bildiyi vaxt elan edəcək, gedib işinlə məşğul olsan ki.

Əgər proseslərin mahiyyətini, nəyi yazıb nəyi yazmamağı, kimə istinad etməyi bilmirsinizsə, ən yaxşısı, sakit durun. Düşünülməmiş fəaliyyətinizlə ölkəyə, xalqa zərər vurmayın. Dövlət bilir nəyi necə etmək lazımdır nə vaxt demək lazımdır.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə