"Avropanın və dünyanın bu od-alovdan itirəcəkləri çox olacaqdır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı son vaxtlar nümayiş etdirdiyi sərt mövqe və işğal altındakı torpaqlarımızın bütün mümkün vasitələrlə azad etmək qərarlılığı erməniləri, onlara arxa duranları qorxutduğu kimi beynəlxalq təşkilatları da narahat etmişdir. Düşünürəm ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarın pandemiya dövründə paytaxtımıza gəlməsi, Pezident İlham Əliyevlə görüşməsi də bununla bağlıdır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, dövlətimizin başçısı nüfuzlu təşkilatın nümayəndəsinin diqqətinə Ermənistanın bitməyən təxribatları haqqında məlumatları, işğalçı dövlətin rəhbərlərinin danışıqlar prosesinin məhvinə yönəlik bəyanatlarını, ermənilərin yeni hücumlara hazırlaşdıqları barədə kəşfiyyat məlumatlarını çatdırmaqla yanaşı, beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin susqunluğunu, təcavüzkara beynəlxalq təzyiqin olmamasını da təəssüflə qeyd etmişdir. "Bunun gözlənilməz nəticələri ola bilər."- deyən İlham Əliyev dünya birliyinə kəskin mesaj göndərdi: "Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik... Əgər onlar hücum etsələr, peşman olacaqlar".

Elə hesab edirəm ki, təkcə işğalçı Ermənistan və onun ağaları deyil, Cənubi Qafqazda təhlükəsizliyin, sülhün və əmin -amanlığın qorunmasında maraqlı olan Avropa da peşiman olacaqdır. Bakını tərk edən diplomat Tvitter hesabında yazır: "Avropa İttifaqı Cənubi Qafqazda sülhün və sabitliyin olmasına dərindən maraqlıdır. Gərginliyi azaltmaq, Minsk qrupunun vasitəçiliyi altında heç bir ön şərt olmadan danışıqlar prosesinə dönmək lazımdır".

Mənim qənaətimə görə, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, ATƏT yenidən tərəfləri mənasız, nəticə verməyən danışıqlar masasına qaytarmaq istəyirlərsə, səhv yoldadırlar. Prezident İlham Əliyev hələ bir müddət bundan öncə açıq şəkildə bildirmişdir: "Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik." Ötən 26 il göstərdi ki, Minsk qrupu çərçivəsində beynəlxalq vasitəçilik mexanizmi tam yararsızdır. Bu format ermənilərin maraqlarına uyğundur və əslində, status-kvonun saxlanılmasına xidmət edir. Azərbaycan danışıqlar masasına bir şərtlə dönə bilər ki, həmsədrlər formatına Türkiyə də əlavə edilsin.

Bu ilin iyulunda Ermənistanın Tovuzla sərhəddəki hərbi təxribatı nəticəsində böyük bir coğrafiyada təhlükəli geosiyasi dinamika ortaya çıxdı. Avropaya uzanan neft, qaz, nəqliyyat xətlərinin yaxınlığında gedən şiddətli hərbi əməliyyatlar, Rusiya və Türkiyə arasındakı gərginlik Avropanı və bütün dünyanı narahat etməlidir. Münaqişənin həllinin gerçək yolları tapılmalıdır. Ən real addım işğalçı Ermənistana, ona havadarlıq edənlərə qarşı ciddi sanksiyaların tətbiq edilməsi ola bilər. Əgər belə olarsa, danışıqlardan nəticə gözləmək mümkündür. Əks halda,ölkəmiz öz maraqlarına uyğun sərt addımlar atacaqdır. Təbii ki, regionumuz bundan xeyli əziyyət çəkəcək. Lakin Avropanın və dünyanın da bu od-alovdan itirəcəkləri də çox olacaqdır. Hər kəsin düşünməyə, az da olsa, vaxtı var".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...