Nemət Pənahlı: “Bu andan etibarən dövlətin və hakimiyyətin xidmətindəyik” MÜNASİBƏT

"Bütün Azərbaycan xalqına başsağlığı verirəm. Müharibə olan yerdə şəhid də olacaq. Müharibə bir millətin şərəfini qorumaq deməkdir. Bütün Azərbaycan xalqına üz tutub deyirəm ki, əziz yurddaşlarım və qardaşlarım, millət məsələsində, Vətən məsələsində müxalifət mövqeyi olmaz. Hal-hazırda mənim də əlim silah tutmağa qadirdir. Övladlarım da buna hazırdır və bu andan etibarən dövlətin və hakimiyyətin xidmətindəyik".

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı təcavüzkar və işğalçı Ermənistanın Tovuz rayonu ərazisində törətdiyi silahlı təxribatını və Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməsini, eləcə də Ordumuza ümumxalq dəstəyi göstərməsini şərh edərkən deyib.

"Vətənimizi, millətimizi qorumaqdan, işğaldan azad etməkdən ötrü əlimizə çox gözəl bir fürsət düşüb və bu fürsəti əldən vermək olmaz. Müharibə ilə alınan torpaq sülhlə alına bilməz", deyən Nemət Pənahlı bildirib ki, 27 ildə ötüb-keçənlər də göstərdi ki, düşmən sülh yolu ilə torpaqları geri verməyəcək: "Hakimiyyət də əmin olsun ki, bütün Azərbaycan xalqı son nəfəsinə qədər mübarizə aparmaq gücündədir və dövlətimizin xilası Qarabağın azad olunmasından keçir. Hətta torpaqlarımız azad edildikdən sonra belə, ən qatı müxalifətin bu hakimiyyətə dəstək göstərəcəyinə mənim zərrə qədər şübhəm yoxdur. Əgər kimsə bunu edərsə, xalq və bizim tərəfimizdən cəzasını alacaqdır".

AMDP sədri xüsusilə Türkiyənin açıq dəstəyini və eyni zamanda beynəlxalq təşkilatların və s. ölkələrin dəstəklərini də xatırladaraq, Azərbaycanın haqq-ədalət yolunda olduğunu bildirib və torpaqlarının azad edilməsi, düşmənin məğlub olunması üçün güclü Ordusunun da olduğunu vurğulayıb".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə