"Bu aksiyaların nə üçün keçirilməsini izah etmək mümkün deyil" ÖZƏL-AÇIQLAMA

"İstənilən halda icazəsiz kütləvi aksiya qanunsuzluqdur”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

MŞ-nın sədr müavinin sözlərinə görə, əgər namizədlərin xüsusi bir iradı varsa, onların öz etirazlarını bildirməsi üçün qanuni prosedurlar mövcuddur: “Onlar üç gün müddətində Mərkəzi Seçki Komissiyasına müraciət edib faktları təqdim edə və onun araşdırmasına nail ola bilərlər. Bu hüquqi bir prosedurdur. Eyni zamanda bu dəfə praktika göstərdi ki, həqiqətən də MSK bütün iradları nəzərə alır və araşdırmağa başlayır. Hətta gözlərimizin qabağında oldu ki, bir neçə seçki dairəsində şikayətlər əsasında nəticələri ləğv etdilər. Digər 20 seçki dairəsində də araşdırma aparılır. Əgər hər hansı bir namizədin narazılığı varsa və bu narazılığı faktlarla isbat edə bilirsə, onları MSK-ya təqdim edib araşdırmasına nail ola bilər. Bu aksiyaların nə üçün keçirilməsini isə izah etmək mümkün deyil. Əgər hansı bir siyasi partiyalar özlərinin narazılıqlarını qanuni prosedurları keçmədən bildirirlərsə və lazımi addımları atmırlarsa, ancaq aksiyalara üstünlük verirlərsə burada artıq başqa məqsədlər üzə çıxır. Bu onu göstərir ki, onların niyyəti seçkidə hansısa problemlə bağlı deyil, sadəcə olaraq ortalıqda qarşılıqlıq salıb özlərinin ölmüş imicini diriltməyə çalışırlar. Amma o məqsədlərinə də nail ola bilmədilər. Çünki faktiki olaraq aksiyalar göstərdi ki, onların sosial bazası yoxdur. Onlar cəmi 30-40 nəfər arasında adam ora çıxara bildilər. Bu da onu göstərdi ki, onların nəinki seçki ilə bağlı bir problem yoxdur, hətta sosial bazaları da yoxdur. Aksiyaya çıxardıqları adamların məhdud sayda olması bunu göstərdi. Onlara qanuni şəkildə aksiya keçirmələri üçün yer ayrılmışdı. Əgər sosial bazaları olsaydı, həmin yerlərə gedib etiraz aksiyalarını orada keçirərdilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə