Fevralın 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran şəhərində 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib.
SİA-nın cənub bürosunun məlumatına görə, tədbirdə TQDK-nın əməkdaşları, ekspertləri, eləcə də Lənkəran, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şirvan, Cəbrayıl və Yardımlı rayonlarının təhsil şöbələrinin rəhbərləri, orta məktəblərin direktor və müəllimləri iştirak edib.
Tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2010-2011-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair məruzə ilə çıxış edib. Bildirib ki, cənub bölgəsində Salyan, Şirvan, Neftçala rayonları istisna olmaqla, digər rayonlarda vəziyyət heç də ürəkaçan olmayıb. Xüsusilə Lənkəranda qəbul imtahanlarının ötənilki nəticələrinin araşdıran Məleykə Abbaszadə nəticələrin yaxşı olmadığını önə çəkib.
O həmçinin, qeyd edib ki, bu cür vəziyyət rayonun təhsil rəsmilərini ciddi düşündürməlidir. Qızların təhsilə cəlb olunması məsələsinə toxunan TQDK sədri ölkə üzrə vəziyyətin qənaətbəxş olduğunu bildirib. Amma təəsüff ki, bölgələrin əksəriyyətində bu sahədə vəziyyət ürəkaçan deyil. Bölgədə qızları ali təhsilə cəlb etmək məqsədi ilə bu ildən başlayaraq Gəncə ilə yanaşı, Lənkəranda da həm ali məktəblərə , həm magistraturaya qəbul imtahanları keçiriləcək.
Müşavirənin sonunda Məleykə Abbaszadə iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə