YAP Şəmkir rayon təşkilatı tədbir keçirib

Bu gün YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə "Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü" münasibətilə N.Gəncəvi adına məhəlli ilk partiya təşkilatında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd etdi ki, 48 il bundan əvvəl, 1969-cu ilin iyulunda Sovet Azərbaycanının tarixində gələcək müstəqil Azərbaycanın tarixinə hesablanmış böyük və misilsiz bir hadisə baş verdi. Bütün ömrünü Azərbaycan adlı bir məmləkətin varlığına bağlamış, taleyi Azərbaycan adı ilə qoşa yazılmış xalqımızın xilaskar oğlu, dünyanın ən böyük siyasətçilərindən biri olan Ulu Öndər Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərlik etməyə başladı: "1969-cı ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə həm SSRİ məkanında, həm Azərbaycanda sosial, iqtisadi, siyasi, mədəni və ictimai həyata nəzər salsaq, Azərbaycanın o dövrdə bir respublika kimi, SSRİ-nin müttəfiq bir respublikası kimi iqtisadi baxımdan, ittifaq miqyasında digər respublikalardan geri qaldığını görərdik. İstər kənd təsərrüfatının istehsalı, istər sənaye məhsulu istehsalı baxımından müqayisəli şəkildə baxdıqda, Azərbaycanın inkişaf etmədiyini görürük. Azərbaycanın iqtisadi baxımdan inkişafdan geridə qalması müşahidə olunurdu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə, Azərbaycan qısa zaman kəsiyində, İttifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. SSRİ-nin dağılması ərəfəsində bir neçə müttəfiq respublika iqtisadi baxımdan özünü təmin edə bilərdi. Bunlardan biri Rusiya Federasiyası, ikincisi Ukrayna, digəri isə Azərbaycan idi. Qalan respublikalar İttifaq büdcəsi hesabına yaşayırdılar, İttifaq büdcəsindən əlavə vəsaitlər alırdılar, halbuki Azərbaycan özü-özünü maliyyələşdirmək imkanına malik idi. Bütün bunlar - Ulu Öndər Heydər Əliyevin

hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli bir rol oynadı. Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdı".

Daha sonra çıxış edən natiqlər Nizami Gəncəvi adına məhəlli ilk partiya təşkilatının sədri İlhamə Səfərova və partiya fəalı Elşən Ələsgərov qeyd etdilər ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin fundamental prinsipini yaradıbdır. Hər bir dövlət müəyyən ideoloji-siyasi prinsiplərə söykənir: "Varislik prinsipi Azərbaycan siyasətində çox əhəmiyyətli yer tutur və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövlətinin söykəndiyi siyasi varislik prinsipi, dövlət idarə modeli və iqtisadi model. Eyni zamanda, əldə etdiyimiz uğurların növbəti mərhələdə daha da inkişaf etdirilməsi ilə ölkəmizin irəliyə aparılmasına xidmət edir. Varislik ictimai, iqtisadi, siyasi, sosial və ideoloji baxımdan ölkənin inkişaf etdirilməsi deməkdir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi Cənab Prezident İlham Əliyev ölkəmizin sürətli inkişafı üçün çox ciddi addımlar atır. Cənab Prezident Azərbaycanın iqtisadi inkişaf modelini daha yüksək səviyyəyə qaldırmışdır. Bu gün dünyanı bürüyən qlobal iqtisadi böhran şəraitində Azərbaycanın əldə etdiyi uğur və inkişaf göz önündədir. Azərbaycanın inkişafının əsasında dayanan fundamental prinsiplər sırasında varisliyin daha yüksək səviyyədə qorunduğunu və inkişaf etdiyini Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətdə qabarıq şəkildə görürük.

Bu gün Ulu Öndər Heydər Əliyev siyasəti Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Qurtuluşdan böyük qələbəyə doğru getməkdəyik".

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə