Fikrət Yusifov: “Struktur islahatlarının rolu kifayət qədər böyük olacaq” MÜNASİBƏT

"Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilinbirinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Birinci rübün ümumi iqtisadi yekunları gözlənildiyi kimi müsbət olmayıb. Dünya bazarlarından neftin qiymətlərinin 3-4 dəfə aşağı düşməsindən sonra,bir neft ölkəsində belə bir nəticə gözlənilənidi. Lakin heç kim buna faciə kimi baxmamalıdır. Hökumətin son 5-6 ay ərzində ölkədə qeyri-neft sektorunun sürətli inkişafını təmin edilməsi istiqamətində atdığı qətiyyətli addımlar, birinci rübdə iqtisadiyyatın neftdən kənar sahələrində əldə edilmiş pozitiv nəticələr,deməyə əsas verir ki, biz doğru yoldayıq". Bunu SİA-ya politoloq Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, birinci rübün yekunlarına görə qeyri-neft sənayesindəki, 5,0%-dən çox, aqrar sahədəki 2,7% artım, dünya iqtisadiyyatının tənəzzül yaşadığı bir dövrdə, bizi optimist əhval-ruhiyyədə olmağa səsləyir: "Bu müşavirədə Prezident 2016-ci ili dərin iqtisadi islahatlar ili adlandırdı. İlin başlanğıcında iqtisadi, maliyyə və sosial islahatların dərinləşdirilməsi istiqamətində atılan qətiyyətli addımlar deməyə əsas verir ki, bu il biz həqiqətən real sektorun inkişafı istiqamətində indiyə qədər görə bildiyimizdən daha kordinal addımların şahidi ola biləcəyik. Ali məqsəd, ilk öncə Azərbaycanda normal biznes mühütünü formalaşdırmaqdan və bu hesaba iqtisadiyyatın real sektoruna həm daxili və həm də xarici investitsiyaların cəlb olunmasını təmin etməkdən ibarətdir. Son bir neçə ay ərzində bu istiqamətdə kifayət qədər ciddi qərarlar qəbul edilib. Azərbaycan hökuməti qeyri-neft sektorunun sənaye, aqrar, tikinti, nəqliyyat, turizm kimi sahələrinin hər biri üzrə konkret tədbirlər planı ortaya qoyub.

Bu plan yerlərdə sənaye zonalarının yaradılması və aqrar sektorda taxıl, pambıq və barama kimi strateji məhsul növlərinin istehsalının bir neçə dəfə artırılması hesabına ölkənin ixrac potensialının əsaslı şəkildə genişləndirilməsini, tranzit yükdaşımaların və ölkəyə turist axınının artırılması hesabına ölkəyə valyuta axınının kifayət qədər artırılmasını nəzərdə tutan bir plandır. Məqsəd, yaxın bir neçə ilə ölkə iqtisadiyyatının neftdən asılılığına son qoymaqdır. Bu məqsədə çatmaq yolunda ölkədə aparılan insutotsinal islahatların və struktur islahatlarının rolu kifayət qədər böyük olacaq".

O əlavə edib ki, aparılan islahatlar yaxın illərdə ölkəmizin iqtisadi gücünün daha da artırılmasını təmin edə biləcək: "Dünyanın siyasi müstəvisində ölkəmizin gücünün artması və Qarabağ məsələsinin istədiyimiz şəkildə həlli də məhz iqtisadi cəhətdən daha güclü olmağımızı bizdən tələb edir. Bütün görülən işlər buna istiqamətlənməlidir. Güclü iqtisadiyyat həm siyasi güc, həm hərbi güc və həm də Azərbaycan vətəndaşının sosial durumunun güclənməsi deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə