Qubad İbadoğlunun partiyadan çıxarılma təfərrüatları

Ellada Məmmədli: “Görün, biz kimlərə əmək sərf etmişik!”

"Qubad İbadoğlu əvvəlki Divan toplantısına çağrılanda rayonda idi. O, ADR-in təsis konfransı ilə bağlı toplantıya qatıla bilməmişdi". Bu sözləri SİA-ya Müsavat funksioneri, partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli Qubad İbadoğlunun partiyadan onun xəbəri olmadan çıxarılmasına münasibətini bildirərkən deyib.

"Divan uzun illər ərzində tətbiq etdiyi ənənəsini pozdu"

Ellada Məmmədli daha bir ilginc məqama toxunaraq qeyd edib ki, Müsavat Partiyasının Divanı bu vaxta qədər heç vaxt müəyyənləşdirdiyi toplantılarının vaxtını nə təxirə salıb, nə də qabaqkı tarixə dəyişdirib. Lakin bu dəfə nədənsə tətbiq etdiyi həmin ənənəni də pozub: "Növbəti Divanın vaxtı fevral ayının 9-na qərara alınsa da, ayın 7-si də keçirdilər. Bütün bunlara baxmayaraq Müsavat rəhbərliyi özlərinə sərf edən addımı atmağa üstünlük verdi. Onlar Divanın tarixini belə dəyişdilər. Belə ki, Qubad bəylə razılaşma belə olmuşdu ki, onun Divanın toplantısındakı iştirakı zamanı videoçəkiliş olsun. Amma buna məhəl qoyulmadı və çəkilişdən imtina edildi. Partiyanın Nizamnaməsində kütləvilik haqqında bənd yer alır ki, orada bu məsələ öz əksini tapmaqdadır. Rəhbərlik qeyd etdi ki, biz müzakirə etdik və belə qərara gəldik ki, ancaq audioçəkiliş olsun. Buna da Qubad bəy öz etirazını bildirdi. Biz otaqdan çıxdıq. Onun orada təmsil olunmamasına baxmayaraq, Divan Qubad bəyin partiyadan xaric edilməsi haqqında qərar qəbul etdi. Amma bunun səbəbini heç cür izah edə bilmədilər".

"Məgər kimin-kimdən xoşu gəlmirsə, qərəzli formada partiyadan çıxarmalıdır?"

Müsavatçı funksioner narazılara qarşı qərəz sürüldüyünün bub gün də davam etdirildiyini dedi: "Qərəzləri başlarından aşır bu insanların. Məgər kimin-kimdən xoşu gəlmirsə, qərəzli formada partiyadan çıxarmalıdır? Dünənə kimi partiyanın bütün tapşırıqlarını layiqincə icra edən bir ziyalının, alimin təşkilatdan bu cür uzaqlaşdırılması fikrimcə doğru deyil. O, 1996-cı ildən Müsavata üzv olanda həm Məclis, həm də Divan üzvü seçilmişdi. Bu insan Divanda hansı məsələnin necə həll edildiyini oradakıların çoxlarından yaxşı bilir. Sadəcə, indiki rəhbərlik özünə avtoritar rejim seçib və bu rejimə əsaslanaraq fəaliyyət göstərir".

"Xəbərdarlğın da bir ölçüsü, bir arqumenti olmalıdır"

Ellada Məmmədli bildirib ki, Müsavatda "mənim səndən xoşum gəlmir" ifadəsi ilə hamını bir-bir oradan uzaqlaşdırır: "Hətta mənə də Divanda iştirak etmədiyim halda xəbərdarlıq edilib. Xəbərdarlğın da bir ölçüsü, bir arqumenti olmalıdır. Çox təəssüf ki, Müsavatda tapşırıqlar əmr formasında verilir. Əgər Qubad İbadoğlu, Vurğun Əyyub üçün əmr verilibsə çıxarılsın, deməli çıxarılmalıdır".

"Unudurlar ki, bu kimi iddialar və əlaqələndirmələr tamamilə başqa-başqa amillərdir"

Məmmədli Müsavatın sabiq başqanı İsa Qəmbərin vaxtilə "Yeni Müsavat" qəzetinə verdiyi bir açıqlamasını da xatırladıb: "İsa Qəmbərin mətbuatda belə bir açıqlaması var idi. "Mən bunları sındırmaq istəmərəm". Əgər sındırılmaq partiyadan çıxarılmaqdısa, təəssüf...Partiyanın yaşaması, var olması üçün verdiyimizi əməyimizə heyif... Görün biz kimlərə əmək sərf etmişik! Biz ən azından demokratiyanı fərdlərin üzərində qurmamışdıq. Bu gün əgər öz ifadə azadlığımızdan istifadə edib hər hansı bir məsələyə etirazımızı bildiririksə, partiya liderinə söz söyləyiriksə, onu dərhal Müsavat Partiyasına qarşı olduğumuzla əlaqələndirirlər. Lakin unudurlar ki, bu kimi iddialar və əlaqələndirmələr tamamilə başqa-başqa amillərdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə