"Xocalı soyqırımı elə bir tarixdir ki, heç vaxt unudulmayacaq" - ŞƏRH EDİLDİ

"1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı xalqımıza qarşı nə birinci, nə də sonuncu faciədir. XIX əsrin ortalarından başlayaraq erməni-daşnak qüvvələri böyük Ermənistan yaratmaq üçün dənizdən-dənizə siyasətini ortalığa atdılar. Guya eradan əvvəl II əsrin sonu - I əsrin əvvəllərində böyük Ermənistan deyilən bir dövlət olub və Aralıq dənizindən Qara dənizə, oradan da Xəzər dənizinə qədər bir ərazini əhatə edib. Hazırda həmin ərazidə guya türk-müsəlmanlar yaşayır. Yenidən böyük Ermənistan dövlətini yaratmaq üçün bu əhaliyə qarşı soyqırım törətmək qərarına gəldilər. Bu, erməni təfəkkürü idi. Təəssüf ki, erməni gözyaşına aldananlar da, ondan istifadə edənlər də oldu. Təbii ki, XX əsrin əvvəllərində erməni Cənubi Qafqazda öz gücünü göstərmək istədi. Bu səbəbdən minlərlə müsəlman soyqırıma məruz qaldı, amma öz ermənilər öz maraqlarını təmin edə bilmədilər. Onu da qeyd etmək lazımdır ki, bütün bu qətliamlarda ən fəal güc erməni kilsəsi olub. Erməni kilsəsi bu gün də həmin siyasəti təbliğ edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, 1918-1920-ci illərdə Bakı, Şamaxı, Quba, Qərbi və Cənubi Azərbaycanda yüzminlərlə azərbaycanlı qətlə məruz qaldı, ev-eşiklərindən didərgin düşdü və əmlakları müsadirə edildi: "70 illik Sovet dönəmində bizi inandırdılar ki, xalqlar dostluğu siyasətini təbliğ etməliyik, minlərlə azərbaycanlıya zülm edən Şaumyan guya xalqın Milli Qəhrəmanıdır. Demək olar ki, Azərbaycanın bütün rayonlarında onun adına kənd, küçə, savxoz var idi və heykəli ucaldılmışdı. Təbii ki, bütün bunlar Sovet dövlətinin uydurması idi. Erməni heç vaxt türk-müsəlmanı sevməyib. SSRİ dağılan ərəfədə də bütün dünya erməniləri birləşdilər, havadarlarının sayı artdı və Azərbaycanın 20% torpağını işğal etdilər. 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı da növbəti qırğınlardan biri idi. Əslində, Xocalı soyqırımı təkcə azərbaycanlıların məhv edilməsi deyildi. Bu, böyük Ermənistan planının tərkib hissəsi idi və dünya ermənilərinə havadarlıq edən dövlətlər də bu facinənin günahkarları idi. Çünki Sovet ordusunun bilavasitə yaxından iştirakı ilə ermənilər öz istəklərinə çatdılar və 600-dən çox azərbaycanlı qətlə yetirildi. Heç bir faşist işğalçısının etmək istəmədiyini, erməni cəlladları etdi".

Deputat sözlərinə davam edərək bildirib ki, bu hadisə tarixdə hər zaman qalacaq: "Ermənilər üçün böyük siyasi xadim olan Zori Balayan öz xatirələrində yazırdı ki, 7 dəqiqə ərzində 13 yaşlı türk qızının dərisini soydum və ondan sonra can verdi. Son cümləsində isə qeyd edib ki, bunlar mənim həyatımın ən xoş dəqiqələri idi. Heç bir faşist insan ölümünü bu şəkildə təsvir etmir.

Təbii ki, Xocalı soyqırımından sonra da düşmən Azərbaycan torpaqlarının böyük hissəsini işğal etdi. Qərbi Azərbaycanla başlayan bu işğal Qarabağda davam etdirildi. 30 il ərzində düşmən bu ərazi ilə bağlı nə mümkündürsə, etdi. Tarixi, dini abidələri məhv etdi, məktəbləri yox elədi, meşələri qırdı. Biz Qarabağla bağlı nələri yarada bilmişdiksə, düşmən onların hamısını məhv etdi. Əlbəttə ki, bu nə tarixin sonu, nə də Qarabağ münaqişəsinin bitməsi demək idi. Hələ 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə onun yetişdirdiyi ordu düşməni darmadağın etdi. Düşmən Qarabağ torpaqlarının böyük bir hissəsindən qaçmağa nail oldu, amma bu, onların məğlubiyyəti idi. Ermənistanı müdafiə edən dövlətlərin təhdid və təqiblərinə baxmayaraq bir addım da geri çəkilmədik. Azərbaycan əsgəri sona qədər vuruşdu, yeri gəldi canlarını fəda etdi, amma əsla geri çəkilmədi. Beləliklə, 44 günlük müharibə ilə Xocalıda şəhid olmuş vətəndaşlarımızın qisasını aldıq, onların ruhunu şad etdik. 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində düşməni ümumilikdə Qarabağ ərazisindən çıxardıq və 1923-cü ildə bünövrəsi qoyulan Dağlıq Qarabağ Muxtar Vilayəti ifadəsini tatixdən sildik. Azərbaycan öz tarixində ilk dəfə olaraq bütövləşdi. Bütövləşmiş Azərbaycan ərazisində 2024-cü il 7 fevral tarixində növbədənkənar prezident seçkiləri keçirildi. Doğrudur, Xocalı soyqırımı Azərbaycan tarixində dəhşətli bir hadisədir. Bu, düşmənin qəddar sifətini, onun şərəfsizliyini üzə çıxartdı. Amma bununla yanaşı, biz şəhidlərimizin qanını yerdə qoymadıq. Güclü Azərbaycan, Müzəffər Ali Baş Komandan və onun bütün əmrlərini yerinə yetirən Ordumuz bunu bacardı. Xocalı faciədir, Xocalı ibrətdir. Erməni bizim düşmənimizdir və bunun əyani nümunəsi Xocalı faciəsidir. Xocalı elə bir tarixdir ki, heç vaxt unudulmayacaq. Azərbaycan Prezidenti hər zaman qeyd edir ki, zaman gələcək biz Ermənistanla qonşuluq münasibətlərini bərpa edəcəyik, amma onların bizə qarşı törətdiklərini heç vaxt yaddan çıxarmayacağıq. Bu faciələr tarix kitablarımızda da olduğu kimi öz əksini tapacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə