İraq-Azərbaycan münasibətlərində yeni səhifə açılıb - ŞƏRH EDİLDİ

“İrakla Azərbaycan arasında əlaqələrin tarixi qədimdir. Münasibətlərimiz səmimidir, dostluq və qardaşlıq prinsiplərinə söykənir. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik. İnanırıq ki, İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk rəsmi səfəri də ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdyi müddətdə də ölkəmiz xarici əlaqələrini genişləndirdi, tarixi həqiqətlərin dünya miqyasında tanıdılmasında uzun illərin dostluq və qardaşlıq əlaqələrinin rolu böyük oldu. “Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi. 44 günlük müharibədən sonra xarici ölkələrlə əlaqələrin genişləndirilməsi Azərbaycanı üstün duruma gətirdi. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlər də bunu deyir. İki ölkə arasında turizm sahəsində, siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun imzalanması əlaqələrimizin bundan sonra daha intensiv xarakter alacağından xəbər verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə