"Xalqımıza qarşı həyata keçirilən soyqırımlar heç vaxt unudulmamalıdır" - MÜSAHİBƏ

Milli Məclisin deputatı Anar İsgəndərovun SİA-ya müsahibəsini təqdim edirik:

- Anar müəllim, erməni soyqırımlarının kökü nəyə dayanır?

- 1918-ci ilin 31 mart soyqırımı Azərbaycan xalqının tarixində və taleyində nə birinci, nə də sonuncu soyqırımdır. Həmişə sual olunur ki, biz ermənilərə neyləmişik. Hamımıza məlumdur ki, ermənilər köçəridirlər. Onlar Azərbaycan torpaqlarına da kütləvi şəkildə Türkmənçay və Ədirnə müqavilələrindən sonra gəliblər, Qərbi Azərbaycan, Naxçıvan və Qarabağ bölgələrində məslunlaşıblar. Bununla bağlı kifayət qədər mənbələr var. Çox maraqlıdır ki, bu mənbələrin əksəriyyəti də qərb və rus tarixçilərinə məxsusdur. Vaxtilə Osmanlı ərazisində yaşayan ermənilər XIX əsrin 80-ci illərindən sonra bu ərazidə öz dövlətlərini yaratmaq üçün ona qarşı terror və sui-qəsdlərə başladılar. Təbii ki, bir tərəfdən Böyük Britaniya, digər tərəfdən isə Çar Rusiyası ermənilərin bu siyasətini dəstəkləyir, onlara həm silah, həm də maddi baxımdan yardım göstərir, mütəxəssislər göndərirdilər. Amma məlumdur ki, I Dünya müharibəsinə qədər ermənilər bunu edə bilmədilər. Bu müharibədə Çar Rusiyası ilə Osmanlı üz-üzə gəldi. Müharibənin ilk dövrlərində Osmanlı məğlub oldu. Təkcə Sarıqamış yaxınlığında 90 min Osmanlı zabiti əsir düşdü. Əslində, qısa müddət ərzində Çar Rusiyasının köməyi ilə erməni dövləti belə yaradıldı. Amma sonradan Osmanlı güc toplayaraq rus ordusunu ərazidən çıxartmağa məcbur etdi. Rus ordusu ilə yanaşı Osmanlıya qarşı vuruşan erməni hərbi birləşmələri də ərazini tərk etdi. Onların bir hissəsi Şimali, başqa bir hissəsi Qərbi, qalan hissəsi isə Cənubi Azərbaycana daxil oldu. Beləliklə, 1918-ci ilin martında Bakıda, Şamaxıda, sonrakı aylarda isə Qubada, Qərbi Azərbaycanda ermənilərin türk-müsəlman əhalisinə qarşı soyqırımları başladı.

- Sizcə, 31 Mart soyqırımının səbəbi nə idi?

- Bakıda soyqırıma rəhbərlik edən Stepan Şaumyan idi. Onun Azərbaycan xalqını görməyə gözü yox idi. Bakını da müsəlmanların paytaxtı kimi görmürdü. Şaumyan belə fikirləşirdi ki, Bakı soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir. 1918-ci ilin martın 30-dan aprelin 2-nə kimi Bakı şəhərində 11 mindən artıq azərbaycanlının həyatına son qoyuldu. Bakının tarixi və dini abidələri, İsmailiyyə Sarayı, Təzə Pir məscidi, Kaspi qəzeti və onlarla başqa binalar yandırıldı, külə döndərildi. Hətta Kaspi mətbəəsində nəşr olunan 5 min Quran da erməni tərəfindən məhv edildi. Dövrün sənədlərindən məlum olur ki, həmin vaxt təkcə Bakı şəhərinə 400 milyon manatdan artıq ziyan dəyib.

- Qeyd etdiyiniz kimi, bu soyqırım Bakı ilə yanaşı, Quba, Şamaxı, Qərbi Azərbaycanda da törədilib. Bəs, bu ərazilərdə baş verən soyqırımlarda xalqımızın başına hansı müsibətlər gətirilib?

- Şamaxıda həyata keçirilən soyqırım daha amansız olmuşdu. Şamaxı qəzasının 53 kəndində 8 mindən artıq türk-müsəlman soyqırıma məruz qalıb. 743-cü ildə əsası qoyulan Cümə məscidində ermənilərin həyata keçirdiyi vəhşilik dünya abidələrinə qarşı törədilən ən böyük fəlakət idi. Məscidin axundu Cəfərqulu bəy inanırdı ki, məscid müqəddəs yerdir və heç vaxt ermənilər ora hücum etməz. Amma əksinə, ermənilər məscidin axundu başda olmaqla, orada olan əliyalın insanları atəşə verdilər. 1918-ci il iyulun 20-də Qafqaz İslam ordusu Şamaxını azad edərkən məscidin həyətində dəhşətli bir səhnənin şahidi oldular. Həyət tamamilə insan sümükləri ilə dolu idi. Təbii ki, Şamaxıda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın başında Lalayan dururdu. Quba qəzasında və Qubanın özündə Ağacanyanın rəhbərlik etdiyi erməni hərbi birləşmələri bu ərazini yerlə-yeksan etdi. Ağacanyan xalqa müraciətində deyirdi ki, mən Ərzurum ermənisiyəm, elə etməliyəm ki, Şahdağdan Xəzər dənizinə qədər siz müsəlmanların qanı axsın. Doğurdan da qısa müddət ərzində onun başçılığı ilə erməni hərbi hissələri 16 mindən artıq azərbaycanlının həyatına son qoydu, 262 kənd xarabalığa çevrildi. Hal-hazırda o kəndlərin 32-si mövcud deyil. Qərbi Azərbaycanda həyata keçirilən soyqırım ondan da betər oldu. Elə erməni tarixçisi Korkodyan öz əsərində yazır ki, I Dünya Müharibəsi başlanarkən bu torpaqlarda 565 min türk-müsəlman yaşayırdı. Ancaq 1922-ci ildə Zaqfederasiya yaradılarkən cəmi 20 min türk-müsəlman qalmışdı. Ortaya belə bir sual çıxır ki, bu yüz minlərlə müsəlmanın taleyi necə olub. Təbii ki, daşnak qüvvələri Qərbi Azərbaycanda soyqırım həyata keçirdiyi kimi Cənubi Azərbaycanda da Xoy, Salmas, Urmuda da aysorların gücündən istifadə edərək müsəlman əhalini amansızcasına məhv edib.

- Bu soyqırımlardan sonra Azərbaycanda baş verən hadisələrdən danışmağınızı istərdim.

- Bütün bunlar Azərbaycanın faciəli tarixidir. Amma 70 illik sovet dönəmi bu tarixi unutdurmağa çalışdı. Başımıza gətirilən müsibətlər yox, xalqlar dostluğu tərənnüm olundu. Az qala Şaumyanı milli qəhrəman kimi qələmə verirdilər. Azərbaycan tarixində bu dövrü sinfi mübarizə və vətəndaş müharibəsi kimi qiymətləndirməyə çalışdılar. 1920-ci ilin aprelində müstəqil Azərbaycan işğal olunması, ötən əsrin 20-30-cu illərin repressiyaları, Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilməsi və 1990-cı illərdə ermənilərin Qarabağ iddiaları elə bu soyqırımın acı nəticəsi idi. Bütün bunlar düşmənin layiqli cavab almaması idi. Bununla da ermənilər qan tökməyə və daha çox torpaq tutmağa can atırdı. Nəhayət, Azərbaycan yenidən müstəqilliyini bərpa etdi. Amma biz müstəqilliyin şirinliyini dadmamış torpaqlarımızın 20%-i işğal olundu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətdə gəlişindən sonra Azərbaycanın gücünü dünyaya göstərmək, daşnak qüvvələrini torpaqlarımızdan qovmaq üçün xalqı birləşdirdi, iqtisadiyyatımızı gücləndirdi və xarici siyasətdə balanslaşdırma həyata keçirdi. 1998-ci ilin martın 26-da azərbaycanlıların soyqırımı ilə bağlı fərman verdi. Bu fərman Azərbaycan tarixçilərinə tariximizi olduğu kimi yazmağa imkan verdi.

- Bu qədər müsibətlərdən sonra ermənilərlə birgə yaşayış mümkün ola bilərmi?

- 2020-ci ilin 44 günlük Vətən müharibəsi və Azərbaycanın dəmir yumruq kimi düşməni darmadağın edərək torpaqlarını azad etməsi yaşadığımız ibrətli tarixin nəticəsidir. Azərbaycanın dövlət başçısı Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində qeyd edirdi ki, zaman gələcək biz Ermənistanla qonşuluq münasibətlərində olacağıq. Ancaq biz bir şeyi yaddan çıxarmamalıyıq ki, ermənilər bizə qarşı hansı düşmənçiliyi edib. Bu düşmənçilik, torpaqlarımıza və xalqımıza qarşı həyata keçirilən soyqırımlar heç vaxt unudulmamalıdır. Biz artıq bu tarixi yaşayır və onun uğrunda mübarizə aparırıq.

- 31 Mart soyqırımını unutdurmamaq, gələcək nəsillərə düzgün tanıtmaq üçün hansı addımlar atılmalıdır? Və ya hansı tədbirlər həyata keçirilməlidir?

- 31 Mart soyqırımından artıq 105 il ötüb. Bu soyqırım Azərbaycan xalqının tarixində və taleyində nə qədər böyük bir faciə olsa da , onun ibrət dərsləri də oldu. İbrət dərsi ondan ibarət oldu ki, xalq birləşməli, öz tarixini bilməli və tarixi siyasiləşdirməməlidir. 70 il sovet dönəmində təbliğ edilən xalqlar dostluğu siyasətinin acı nəticələrini gördük. Azərbaycan xalqı başına gətirilən müsibətlərdən nəticə çıxardaraq bu tarixi əbədiləşdirməlidir. Soyqırımı muzeyi yaradılmalı, Azərbaycanın bütün bölgələrini əhatə edən tarixi əsərlər yazılmalı, orta məktəblərdə bu hadisələr tədris olunmalı, ali məktəb dərsliklərində fundamental monoqrafiyalar yazılmalı, filmlər çəkilməlidir. İnsanlar inandırılmalıdır ki, başlarına gətirilən bu müsibət unutqanlıqdan olub. 44 günlük müharibədə Azərbaycanın qalib gəlməsinin ən böyük səbəbi dövlət başçımız tərəfindən xalqın dəmir yumruq kimi birləşdirilməsi oldu. Ona qədər isə 1998-ci il martın 26-da Heydər Əliyev tərəfindən mart soyqırımı ilə bağlı verdiyi fərman və onun yerinə yetirilməsi ilə bağlı Azərbaycan tarixçilərinin qarşısında qoyduğu məsələ önəmli bir addım oldu.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə