“Ermənistanın Baş naziri növbəti dəfə yanıldı” AÇIQLAMA

“Ermənistan Baş nazirinin Brüssel danışıqlarının beşinci raundunda Fransa prezidentinin də iştirakını tələb etməsi son dərəcə məntiqsiz və əsassız tələb idi”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, E.Makron danışıqlarda hansı qisimdə iştirak etməli idi: “Vasitəçi kimi? Bundan əvvəl keçirilən danışıqların dörd raundunda vasitəçi kimi iştirak etməyən Fransa prezidenti indi nədən, hansı əsasla vasitəçi qismində danışıqlarda iştirak etməli idi? Üstəlik, bu günlərdə kana-l2 televiziyasına müsahibə verərək, Azərbaycanı dəhşətli müharibə başlayaraq çoxsaylı insan ölümündə günahlandırandan, açıq mətnlə “biz Ermənistanı tək qoymayacağıq”-deyəndən sonra E.Makron necə tərəfsiz sayıla və danışıqlara vasitəçi kimi buraxıla bilərdi? Bəlkə ermənilərin lideri Fransa prezidentinin Azərbaycan-Ermənistan danışıqlarına tərəf kimi buraxılmasını istəyirdi? Azərbaycan rəhbərliyi bunu o vaxt müzakirə edə bilərdi ki, Paşinyan danışıqlardan çəkildiyini və Ermənistanı bundan sonra Makronun təmsil edəcəyini bəyan etmiş olsun. Göründüyü kimi, bu cür mənasız tələb yalnız “küçədən gələn” Ermənistan hakimiyyəti tərəfindən irəli sürülə bilərdi. Çünki səviyyəli, savadlı siyasətçilər anlayardılar ki, Fransa bu danışıqlarda nə tərəf kimi, nə də vasitəçi kim qətiyyən iştirak edə bilməz. Görünür, N.Paşinyan bu şərti irəli sürərkən güman edirdi ki, Azərbaycan Prezidenti bu tələbin nə qədər əsassız olduğuna əhəmiyyət verməyəcək və fransızları bir az da narazı salmamaq üçün Makronun danışıqlarda iştirakına imkan verəcək”.

A.Səmədov onu da bildirdi ki, Ermənistanın Baş naziri növbəti dəfə yanıldı və dövlət başçımızın kəskin mövqeyi ilə üzləşdi: “Nəticədə, Brüssel görüşünün nəzərdə tutulan vaxtda keçirilməsi ciddi təhlükə altına düşdü. Çox güman ki, ermənilərin təqsiri ucbatından danışıqların beşinci raundunun dekabrın 7-də baş tutması mümkün olmayacaq. Ancaq Brüssel platforması Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir və Paşinyanın pozuculuq fəaliyyətinin onu sıradan çıxarması mümkün olmayacaq. Bir qədər gec olsa da, Brüssel prosesi Şarl Mişelin vasitəçiliyi ilə bundan sonra da davam edəcək və ümid edirik ki, sülh sazişinin imzalanmasında mühüm rol oynayacaq. Ermənistanın Azərbaycanla sülh danışıqlarını, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirməyə hazır olduğunu bəyan etməsi təbii ki, etimad doğura bilməz. Brüssel prosesini pozulmaq təhlükəsi qarşısında qoyan N.Paşinyan Fransa prezidenti iştirak etmədən danışıqları davam etdirməyə hazır olduğunu açıq şəkildə ortaya qoymalıdır. Əks halda, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel erməni Baş nazirin səviyyəsini nəzərə alaraq bu pozuculuq fəaliyyətinin Ermənistan üçün ciddi problem yaradacağını mümkün qədər sadə cümlələr qurmaqla ona izah etməyə çalışmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə