Şırnаkda yolu kəsən PKK-lılаr leytenantla birlikdə ailəsini də qaçırmaq istəyib. Hadisəyə müdaxilə edən Şırnaklı vətəndaşlar isə hərbiçini və ailəsini sözügedən ərazidən uzaqlaşdırmağa nail olublar. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Şırnаkda hərbi xidmət göstərən leytenant həyat yoldaşının səhhəti pisləşdiyinə görə uşaqları ilə birlikdə xanımını xəstəxanaya aparıb. Xəstəxanadan qayıdanda yolda 4 PKK terrorçusu tərəfindən onların yolu kəsilib. Hərbiçinin yanında ailəsi olduğuna görə o, terrorçulara qarşı silah çəkməyə cürət edə bilməyib. Leytenant terroristlər tərəfindən avtomobildən endirilib. Həmin an hərbiçinin həyat yoldaşı da özünü maşından ataraq "Ölürüksə birlikdə ölək" deyərək terrorçulara müqavimət göstərib. Övladları isə baş verənləri qorxu içində izləyiblər. Bu zaman hadisəni görən Şırnaklı sakinlər terroristlərin ətrafına toplaşıb. Əhalini qorxutmaq və ərazidən uzaqlaşdırmaq üçün terrorçular havaya atəş açıblar. Həmin an vətəndaşlar leytenantı və ailəsini avtomobilə əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Avtomobilin uzaqlaşdığını görən terrorçulardan biri maşının arxasından silah atəşi açıb və leytenant yaralanıb. Buna baxmayaraq vətəndaşların köməyi ilə leytenant və ailəsi terrorçuların hücumundan xilas ola biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə