Rüfət Aslanlı ABŞ səfiri ilə görüşüb

Maliyyə Bazarlarına Nəzarət Palatasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş keçirilib. Palatadan SİA-ya verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı ABŞ ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu xüsusi qeyd edib.

R.Aslanlı ölkənin maliyyə bazarlarının mövcud vəziyyəti barədə danışaraq, son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər fonunda bu sahədə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Palata sədri böyük təcrübəyə malik nüfuzlu beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan hökuməti tərəfindən qısa müddət ərzində həyata keçirilən islahatların əhəmiyyətini qeyd edən R.Sekuta maliyyə sisteminin gücləndirilməsi istiqamətində beynəlxalq təcrübə və ekspertizadan faydalanmaq imkanlarından danışıb. R.Sekuta tərəqiyyə doğru irəliləyişin əldə edilməsi və maliyyə sisteminin sağlamlaşdırılması istiqamətində daha geniş və dərin iqtisadi inkişafa təkan verəcək əməkdaşlıqda maraqlı oluqlarını vurğulayıb.

Sonda tərəflər arasında inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə