Hesab edirəm yaşadıqlarımız təsadüfi təzahür olmadığını isbat etmək üçün xüsusi dəlillərin axtarılmasına ehtiyac yoxdur. Bəli, virtual məkanda məsələ ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Hansısa qüvvələr üçün koronovirus müəyyən məqsədlərə nail olmaqda sadəcə bir vasitədir və bunun nəticəsində dünya nə kimi dəyişikliklərə məruz qalacaqdır - bu tip mövzular artıq bir trendə çevrilib. Təbii ki, hökumətlər və vətənpərvər beyinlər çıxış yolu axtarmalıdırlar. Əslində milli hökumətlər çıxış yolunun müəyyən olunması, öz xalqının sosial təhlükəsizliyinin, habelə sabitliyin bərpası ilə məşğul olduğu zaman, dünya siyasi xəritəsinin aparıcı aktorları artıq məcburi yaşadıqlarımız dəyişikliklərin növbəti mərhələsinin planlaşdırması ilə məşğuldurlar.

Son 20-30 ildə sürətlə inkişaf edən "informasiya cəmiyyəti"nin mühit və qaydalarına dövlətlər müəyyən mənada artıq adaptasiya olduğu üçün müstəqil siyasət aparmaq iddiasında olan hökumətlərin sayı artdı və bu səbəbdən də dünyaya məcburi şəkildə yeni münasibətlər formasiyası yeridilir. Burada beynəlxalq münasibətlər müstəvisində maraq doğuran siyasi paradoks müəyyən olunur. Bir sıra dövlətlərin inkişafı səbəbindən onların müstəqil siyasət yeritmək iddiaları geosiyasətin əsas ssenarilərini yazan qüvvələr üçün çətinliklər yaradır. Ona görə də lokal münaqişələrin yaradılması ilə məhdudlaşmayaraq qlobal təhdidlərin yaradılması, yəni dövlətlərin inkişafını dayandıracaq yeni süni böhranları qlobal siyasətin gündəminə gətirilməsi strategiyası aktuallaşdı. O cümlədən buna görə də dünyaya imtina edə bilməyəcəyimiz yeni formasiya təklif olunur: "rəqəmsal cəmiyyət" və ya "digital cəmiyyət". Axı yeni format yeni qayda və fərqli münasibətləri müəyyən edəcəkdir.

Mövcud yazıda qaçılmaz olaraq dünyada yaranacaq yeni siyasi mənzərələrdən uzaqlaşaraq, diqqətinizi daha çox "koronovirus prosesləri"nin fərdlər müstəvisində yarada biləcək fəsad və təzahür formalarına yönəltmək istərdim. Ümid edirəm göstəriləcək tezislər düşünməyi məcbur edəcək. Biz insanlar həyat verdiyi dərslərdən nəticə çıxartmağı öyrənməliyik, əks halda hər zaman olduğu kimi tarix təkrarlanacaqdır. İlk növbədə bizə təqdim olunan koronovirusla mübarizə üsullarına müraciət edək. Əsas üsul kimi şəxsi gigiyenaya riayət olunması qeyd olunur. Sanki, görünməz qüvvə bizlərə zamanında hamı çox gözəl bildiyi, ancaq son dövrlərdə unutduğumuz sosial şüarı xatırlatmaq istəyir: "təmizlik sağlamlıqdır". Təmizlik müasir sosial etikanın ayrılmaz meyarlarındandır.

Sosiologiya, xüsusilə də ictimai münasibətlərin sosiologiyası ilə məşğul olan insanlar çox gözəl bilirlər ki, müasir dövrdə ailə institutun əsasları böyük dəyişikliklərə məruz qalıb. Ənənəvi şəkildə xalqımıza məxsus olan ailə dəyərləri müxtəlif proseslərin təsiri altında deformasiyaya uğrayıb. Bir çox dövlətlərin müasir məhkəmə təcrübəsinə müraciət etsək müəyyən olunacaqdır ki, ailələrin boşanması mövzusu məhkəmə işlərinin 15-20 faizini təşkil edir. Xüsusilə Avropa ölkələrinə məxsus olan daha bir sosial təzahür mövcuddur ki, onu burada qeyd etmək lazımdır. Belə ki, sosioloji araşdırmaların nəticəsində müəyyən olunmuşdur ki, Avropa ailələrinin cəmi 20-40 faizi axşam vaxtı tam tərkibdə birgə şam yeməyini yeyirlər. Bu rəqəm sözsüz ki, ailənin möhkəmliyi və ailə üzvləri arasında bağlılıq dərəcəsinə təsir göstərir. Odur ki, "koronovirus" bizdən tələb etdiyi sosial təcrid və "evdə qal" kimi sosial şüarlar dolayısıyla bizi ailələrimizə qaytarır və ailənin həyatımızdakı rolunu artırmış olur.

Əminəm ki, hər kəs "müasir cəmiyyət - istehlakçılar cəmiyyətidir" ifadəsini dəfələrlə eşidib. Əslində müasir dövrdə yaşadığımız bir çox problemlər, o cümlədən təbii sərvətlərin tükənməsi təzahürü məhz müasir insanın tükənməz tələbatlarının ödənilməsi arzusundan irəli gəlir. Öz növbəsində tələbatlar artdıqca yeni təkliflərin bazara təqdim olunmasının kəskin zərurəti formalaşır. Müasir insanın tükənməz nəfsini ödəmək uğrunda mübarizənin nəticəsində tələb-təklif zənciri fantastik hallara qədər artmışdır. Mövcud dinamikanın inkişafı dünyanın təbii resurslarının 70-100 ildən sonra tükənməsinə gətirib çıxarda biləcək, bu isə artıq qlobal katastrofizmi qaçılmaz edir. Belə ki, koronovirus bəlası və onunla mübarizə üsulları bizi qənaətçiliyə sövq edərək “qənaətçilik” kimi kütləvi sosial keyfiyyətin formalaşması üçün təbii və münbit şərait yaradır.
Koronovirusa yaşlıların daha asan yoluxması məsələsi və bu səbəbdən onlara özəl münasibət və qayğının göstərilməsi zərurəti xalqımızın mədəniyyətinə tarixən məxsus olan daha bir mənəvi xüsusiyyətin əhəmiyyətliliyini vurğulayır. Böyüklərə hörmət və "ağsaqqal" institutu da fərqli müasir proseslər, o cümlədən qloballaşma təzahürlərinin təsiri nəticəsində bir çox dövlətlərdə tədricən deformasiyaya uğrayır. Koronovirus sanki bu unudulmaqda olan mənəvi keyfiyyəti bizə xatırlamaq istəyir.

Koronovirusun bizə verdiyi ən böyük dərslərdən biri bilavasitə sosial məsuliyyət məfhumu ilə bağlıdır. Razılaşın ki, müasir dövrdə müxtəlif sahələr üzrə və gündəlik həyatımızda rastlaşdığımız bir çox neqativ halların səbəbi vətəndaşların və əməkdaşların sosial məsuliyyətsizliyindən qaynaqlanır. Ümumiyyətlə elmi ədəbiyyatda sosial məhsuliyyətsizlik müasir cəmiyyətlərin xəstəliyi adlandırılır. Koronovirus, mövcud sosial təzahürə dövlət səviyyəsində xüsusi diqqətin ayrılmasının vacibliyini bildirmiş olur.

Müasir cəmiyyətlərə məxsus olan digər bir keyfiyyət vardır ki, onun mövcud kontekstdə vurğulanmasını mümkün hesab edirəm. İnsanın maddiyata bağlılığı artıq bir sosial-iqtisadi reallıqdır. Məhz bunun nəticəsində "maliyyə zəmanətdir və sığortadır" kimi yanlış ictimai təfəkkürün, xüsusilə də gənclər arasında yayılmasının şahidiyik. Koronovirusun xüsusiyyətləri və ona yoluxmaq imkanları bu bəlanın qarşısında hamı bərabər olduğunu və sosial status səni müdafiə edə bilməyəcəyini göstərir. Sözsüz ki, burada koronovirus bizə verdiyi digər dərslərin adları da qeyd oluna bilər, ancaq istənilən halda insan övladı fərd olaraq nəticə çıxarmağı öyrənməlidir.

Asif Usubəliyev,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...