Türkiyə Mədəniyyət və Turizm Nazirliyi 2024-cü ildə beynəlxalq əməkdaşlıq sayəsində İngiltərə, İtaliya və Amerika Birləşmiş Ştatlarından gətirilən 19 əsərin Türkiyənin mədəniyyət xəzinəsinə qaytarıldığını bildirib.
Nazirlikdən verilən məlumata görə, artefaktların qaytarılması səyləri Türkiyənin zəngin tarixi və mədəni irsinə əhəmiyyətli töhfələr verir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, görülən işlərlə 2002-ci ildən bu yana Türkiyəyə qaytarılan əsərlərin sayı 12 min 139-a çatıb.
Ölkəyə gətirilən əsərlərdən biri “Mustafa dədənin Qurani-Kərimi”dir. Mustafa Dədə tərəfindən surəti çıxarılan və qeyri-qanuni, qaçaqmalçılıq yolu ilə aparılaraq 2017-ci ildə İngiltərədə satışa çıxarılan Quran kitabı Türkiyəyə geri gətirilib. Sultan II Əbdülhəmidin kolleksiyasında olmuş bu əsər artıq İstanbul Türk və İslam Əsərləri Muzeyində mühafizə olunur.
Türkiyənin Burdur rayonunun Bubon (Boubon) antik şəhərindən çıxan tunc imperator heykəli isə 2011-ci ildə Nyu-Yorkdakı “Christie's” Hərrac Evi tərəfindən satışa çıxarılmışdı. Əsərin sahibi olan şəxslə əlaqə saxlanıldı və dəlillər təqdim olundu. Kolleksiyaçı xoş niyyətli yanaşma nümayiş etdirərək əsərin Türkiyə Cümhuriyyətinin malı olduğunu qəbul etdi. Türkiyəyə qaytarılan heykəl 2 fevral 2024-cü ildən Antalya Muzeyində ictimaiyyətə təqdim olunur.
Milet mənşəli Kore torso “Christie's” Hərrac Evində satılmışdı 2021-ci ildə. Ekspertiza nəticəsində mərmər heykəlciyin Türkiyədən aparıldığı müəyyən edilib. Geri qaytarılan əsər 26 yanvar 2024-cü ildən Ankara Anadolu Mədəniyyətləri Muzeyində mühafizə olunur.
Florensiya Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Türkiyəyə aid olduğu müəyyən edilən 11 terrakota əsəri isə 24 yanvar 2024-cü il tarixində Türkiyənin İtaliyadakı səfirliyinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə