AB koronavirusla bağlı müzakirələr aparacaq ANONS

Avropa Birliyi Sağlamlıq Təhlükəsizliyi Komitəsi, koronavirusla bağlı vəziyyəti müzakirə edəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa Birliyi ölkələrinin Səhiyyə Təhlükəsizliyi Komitəsi bazar ertəsi fövqəladə iclasında koronavirusla bağlı vəziyyəti müzakirə edəcək.

"Sağlamlıq Təhlükəsizliyi Komitəsi bu gün bir araya gələcək. AB-də, Fransada koronavirusun ilk halları haqqında məlumat nəzərə alınmaqla, sürətlə inkişaf edən bir vəziyyət müzakirəyə çıxarılacaq. AB ölkələri tərəfindən görülən hazırlıq tədbirləri, məsələn, xəstəxanaların hər hansı bir problemi həll etmək istəyi müzakirə ediləcək. Yeni hallar, əhalini məlumatlandırma tədbirləri, həmçinin cavab tədbirlərinin daha da koordinasiyası məsələsinə baxılacaq", deyə Avropa Komissiyasının sözçüsü bildirib.

Avropa Birliyi nümayəndəsi əlavə edib ki, bu, komitənin fövqəladə iclası olacaq.

Xatırladırıq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına, ölkənin mərkəz hissəsində yerləşən Uhan şəhərində naməlum pnevmoniya xəstəliyi haqqında məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisini təyin ediblər və bu 2019-nCoV koronavirusdur. Çindən kənarda, Hong Kong, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya və Malayziyada infeksiyaların olduğu bildirilir. Artıq Çində yoluxanların ümumi sayı 2835-ə çatıb ki, onlardan da 81-i ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə