Bu gün Yaponiyada yeni imperatorun andiçmə mərasimi keçiriləcək

Bu gün Yaponiyada milli bayram keçiriləcək. İmperator Naruhitonun vəzifəni qəbul etdiyi bütün xalqa və dünyaya elan ediləcək. Yaponiyada sonuncu belə mərasim 30 il bundan əvvəl - indiki Fəxri İmperator Akihito xalqın və dövlətin rəmzi adını qəbul edərkən təşkil olunub. Günün əsas hadisəsi isə min illərlə tarixə malik salnamələrdən gələn qaydalara uyğun olaraq təşkil edilən Sokuirey Seiden-no qi – İmperatorun taxtaçıxma mərasimi olacaq.

SİA xəbər verir ki, mərasimdə iştirak etmək üçün dünyanın 174 ölkəsindən və ərazisindən 400-dən çox nümayəndə gəlib. Onların sırasında 70-dən çox monarx və dövlət başçısı var. Yaponiya İmperator Dəftərxanasının bildirdiyinə görə, bu, ölkə tarixində ən böyük taxtaçıxma mərasimi olacaq.

Xaricdən gəlmiş qonaqlar arasında Belçika, Butan, İspaniya, Kamboca, Malayziya və Niderlandın kralları, Britaniyanın vəliəhd-şahzadəsi, Avstriya, Hindistan, Macarıstan, Filippin, Finlandiya, Ukrayna, Gürcüstan, Qırğızıstan, Moldova və Ermənistanın prezidentləri də var.

Mərasimdə Azərbaycanı Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da daxildir.

Bundan əlavə, tədbirdə Yaponiya cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edən 1600 yerli qonaq da iştirak edəcək. Onların arasında qanunverici, icraedici və məhkəmə hakimiyyətinin rəhbərləri, Nazirlər Kabinetinin üzvləri, sabiq Baş nazirlər, prefekturaların qubernatorları, alimlər, idmançılar, yazıçılar və biznesmenlər var.

Mərasim yerli televiziya kanallarında və internet vasitəsilə bütün dünyaya birbaşa yayımlanacaq.

Günün birinci yarısında İmperator Naruhito ictimaiyyət üçün bağlı olan mərasimlərə qatılacaq, Allahlarla və keçmiş İmperatorlarla ünsiyyətin nəzərdə tutulduğu ayinləri icra edəcək.

Qədim qanunlara uyğun olaraq təşkil ediləcək əsas rəsmi mərasim isə İmperator Sarayının fəxri Matsu-no ma (Şam ağacı) zalında keçiriləcək və tədbirin 30 dəqiqə çəkəcəyi bildirilir.

İmperator Naruhito Yer kürəsinin ən qədim sülaləsinə məxsus olan taxta çıxdığını yapon xalqına və bütün dünyaya bəyan edən nitqini oxuyacaq.

İmperator Naruhitonun çıxışından sonra Baş Nazir Şinzo Abe onu Yaponiya xalqı adından taxta çıxması münasibətilə təbrik edəcək.

Qeyd edək ki, İmperator Naruhito taxta atası, 85 yaşlı Akihito yaşının çoxluğu ilə əlaqədar taxtdan imtina etdiyinə görə cari il mayın 1-də çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə