Rusiya həbsxanasından müharibəyə göndərilən qırğızın hekayəsi...

Bu gün yarası tam sağalmayanlar da yenidən cəbhəyə göndərilir

...Ukraynada gedən döyüşdə qırğızıstanlı döyüşçülərdən biri yaralanıb. O, hərbi hospitalda olarkən gizli çəkildə mətbuatla əlaqə saxlaya bilib.

Qırğız bir ay ərzində iki dəfə yaralandığını, lakin yarasının tam sağalmamasına baxmayaraq, yenidən cəbhəyə göndərildiyini deyir.

SİA-nın əldə etdiyi məlumata görə, qırğızstanlı Azamat müharibəyə iki ay əvvəl birbaşa Rusiya həbsxanalarının birindən göndərilib.

Qeyd edək ki, Azamat əsl adını, hansı maddə ilə mühakimə olunduğunu və ya saxlandığı həbsxananın adını açıqlaya bilmir. Yazmamağı xahiş edir, sonrakı taleyindən ehtiyatlanır.

...Deməli, Azamat Luqansk vilayətindəki xəstəxanalardan birində olarkən redaksiya ilə əlaqə saxlayıb. Dediyinə görə, son 3 ay ərzində o, ikinci dəfədir ki, bu xəstəxanaya yerləşdirilib.

Gəlin, Azamatın özünü dinləyək:

…Hazırda bizi hərbi polis qoruyur. Telefonla sizin redaksiyaya zəng edib məlumat verdiyimi bilsələr, məni məhv edərlər. Mən artıq ikinci dəfədir ki, yaralanıram. İlk dəfə tank partlaması zamanı yaralandım. Hələ tam sağalmamışam, amma bütün xahiş və yalvarışlarıma baxmayaraq, məni yenidən cəbhəyə göndərdilər. Bu dəfə kürəyimdən dron parçaları ilə vurulmuşam, cəmi iki gün əvvəl əməliyyat olundum. Amma məni yenidən döyüşə göndərmək istəyirlər. Məni xilas edin! Müqavilədə qeyd olunub ki, döyüşçü zədə aldıqda məzuniyyət verilir. Amma mənimlə bağlı bu baş vermədi. Yenə döyüşə göndərəcəklərini bildirdilər. Deyirlər ki, imtina edənlər güllələnəcək. Hazırda əl-ayağı olmayan belə döyüşənlər var. Viruslu və sarılıq diaqnozu qoyulanlar da cəbhəyə göndərilib. Heç kim evə göndərilmir. Bununla belə, həkimlər də bizi müalicə etmək istəmirlər, xəstələrlə pis davranırlar. “Müharibəyə yararlı olduqlarını” yazıb orduya təhvil verirlər.

Qeyd etdiyimiz kimi, bunu Azamat danışıb.

Bu arada Azamatın əvvəlki taleyi ilə maraqlanan jurnalistlətdən biri onun üç ay əvvəl Moskva rayon məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edildiyini öyrənib. Maraqlıdır ki, məhkəmə bir il əvvəl başlayıb və bu yay başa çatıb. Amma mütəxxəsis iddialarına görə, beş il adamın ittiham olunduğu maddə ilə nəzərdə tutulan ən uzun müddətdir.

…Və bir müddət bundan əvvəl, Qırğızstanın Oş vilayətindəki kəndlərdən birindən olan Anarkul adlı qadın, rusların Ukraynada döyüşə göndərdikləri oğlunun əlil olaraq qayıtdığını bildirib.

Anarkul, Moskvada kuryer işləyən oğlunun şərlənərək tutulduğunu və sonradan döyüşlərə göndərildiyini deyir.

İndi Anarkulun oğlu Moskvadadır. O, Rusiya pasportu alıb, lakin Rusiya hökumətinin vəd etdiyi pul hələ də ona ödənilməyib. Belə görünür ki, heç ödənilməyəcək də…

Yeri gəlmişkən, Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu gün Rusiya həbsxanalarında 1,5 minə yaxın qırğızıstanlı cəza çəkir. Maraqlıdır ki, onların əksəriyyəti narkotik cinayətlərində təqsirli bilinib.

…Və bir də yeri gəlmişkən, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə görə, narkotik cinayətlərində cəza bir milyon rubla qədər cərimə və ya 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmədir. Yəni ruslarda bu maddə xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

…Əslində, ruslar hər şeyi “yaxşı düşünüb daşınıblar”, axı…

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə