Biro Jade: "Gələcəyə nikbin baxıram"

Futzal üzrə milli komandamız Avropa çempionatının seçmə mərhələsində Albaniya yığmasını 5:0 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, qarşılaşmadan sonra komandamızın baş məşqçisi Biro Jade fikirlərini bildirib: "Düzdür, qalib gələndə kənardan hər şey yaxşı görünür. Bu gün müdafiə və hücum xətti çox yaxşı oynadı. Nə fikirləşmişdiksə, oyunçularımız hamısını yerinə yetirdilər və qələbə qazandıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədən sonra oyunçulara tapşırdım ki, onlarla birə-bir oynasınlar.

Komandaya dəvət etdiyim və birgə işlədiyim futzalçılara inanıram. Meydana kimi buraxacağımla bağlı vəziyyətə uyğun qərar verirəm. Dünən Xətai Bağırov oynamadı, amma bu gün bütün oyunu meydanda keçirdi. Mümkün qədər hər bir oyunçuya meydana çıxması üçün şərait yaradırıq.

Gələcəyə nikbin baxıram. Gənc oyunçularla işlədikcə, güclü futzalçılarımız yetişəcək. Azərbaycanlı oyunçular texniki oyuna üstünlük verirlər. Ukrayna, Rusiya, Qazaxıstan və Azərbaycanda oynamışam, düşünürəm ki, sizin oyunçuları texnikasına görə ukraynalılarla müqayisə etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə