DÇ-2014: Saman Təhmasibi finalda, Elvin Mürsəliyev bürünc medal uğrunda güləşəcək

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, çempionatın beşinci günündə 63 kq çəki dərəcəsində qadın güləşçilər, 75 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışır.

75 kq çəki dərəcəsində güləşən Elvin Mürsəliyev ilk görüşdə məğlub olsa da, rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Bu zaman o, ardıcıl olaraq Avstriya güləşçisi Florian Marçili və Meksikadan Juan Eskobarı tam üstələyərək bürünc medal şansı əldə edib. Həlledici görüşdə Elvin Gürcüstan idmançısı Zurabi Datunaşvili ilə qarşılaşacaq.

85 kq çəki dərəcəsində təmsilçimiz, ötən ilki dünya çempionatının gümüş medalçısı Saman Təhmasibi finala qədər inamla güləşib. Ardıcıl olaraq Almaniyadan Ramsin Azizsir, Çindən Liang Konq, Gürcüstan təmsilçisi Vladimer Qeqeşidze, yarımfinalda isə Ukrayna güləşçisi Jan Belenyuku mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Fransa idmançısı Melonin Noumonvi olacaq.

63 kq
1/8 final - Raqnetta Qurbanzadə - Johansson (SWE) 0:11

75 kq
1/16 final - Elvin Mürsəliyev - Arsen Culfalakyan (ARM) 0:9
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Florian Marçil (AUT) 5:0 (təmiz qələbə)
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Juan Eskobar (MEX) 4:1
Bürünc medal görüşü - Elvin Mürsəliyev - Zurabi Datunaşvili (GEO)

85 kq
1/16 final - Saman Təhmasibi - Ramsin Azizsir (GER) 3:2
1/8 final - Saman Təhmasibi - Liang Konq (CHN) 2:0
1/4 final - Saman Təhmasibi - Vladimer Qeqeşidze (GEO) 4:0
1/2 final - Saman Təhmasibi - Jan Belenyuk (UKR) 4:0
FİNAL - Saman Təhmasibi - Melonin Noumonvi (FRA)

Xatırladaq ki, bu gün dünya çempionatında qadın güləşçilərin mübarizəsi yekunlaşır. Qadın güləşçilərin yarışında Yuliya Ratkeviç (60 kq) gümüş və Mariya Stadnik (48 kq) bürünc medal qazanıb.

Final görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq və "İdman Azərbaycan" kanalından canlı yayımlanacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə

loading...