"Cəmiyyət həmin insanlara hörmət etmir..." - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Mən mental dəyərləri qorumağın, milli adət-ənənələrimizi yaşatmağın tərəfdarıyam. Hesab edirəm ki, mental dəyərlərimiz, adət-ənənələrimiz tarixin yaddaşından süzülüb gələn mənəvi dəyərlərimiz bizi bir millət olaraq var edən əsas faktorlardandır". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, mentalitetin cinsi olmur: "Qadın da, kişi də ona əməl etməlidir. Mental dəyərlər dedikdə, daha çox qadınlar nəzərdə tutulur. Cəmiyyətdə elə adamlar var ki, mental dəyərlərə yalnız qadınların əməl etməli olduqlarını hesab edirlər. Bu, yanlışdır. Bu, bəzi məsuliyyətsiz kişilərin ortaya atdığı ideyadır. Kimlərsə məsuliyyətdən yayınmaq, öz pis əməllərinə haqq qazandırmaq üçün mental dəyərləri cinslərə bölürlər".

Seymur Verdizadə sözlərinə belə davam edib: "Azərbaycan cəmiyyəti ayıq-sayıqdır və qarayla ağı ayırmağı bacarır. Hesab etmirəm ki, mental dəyərlərə zidd hərəkət edən, öz keçmişinə arxa çevirən, əxlaqsızlıq edən kişilər camaatın başının tacıdır, yaxud cəmiyyətdə onlara xüsusi hörmət var. Mental dəyərləri pozan qadınlar hansı qınağa tuş gəlirsə, kişilərə qarşı da anoloji qaydada davranılır. Məsələn, yaşlı valideynlərə baxmayan, körpə övladını küçəyə atan şəxs kişi və ya qadın olmağından asılı olmayaraq ictimai qınağa tuş gəlir. Cəmiyyət həmin insanlara hörmət etmir və onların əməlinə haqq qazandırmır. Bu əməli edənin kişi və ya qadın olmasının heç bir əhəmiyyəti yoxdur.

Mən insanlara cinsinə deyil, şəxsiyyətinə və əməlinə görə qiymət verməyin və hörmət qoymağın tərəfdarıyam. Azərbaycan bir Şərq ölkəsidir. Biz min illərdir öz mental dəyərlərimizi qoruyub saxlayır və ona sahib çıxırıq. Ola bilər ki, bəzi mental dəyərlər köhnəlib və ya müasir dövrün tələblərinə cavab vermir. Amma bütövlükdə bu dəyərləri qorumağın və gələcək nəsillərə ötürməyin tərəfdarıyam".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə