Ana-övlad münasibəti necə olmalıdır? - ARAŞDIRMA

Dünyada heç bir duyğu ana sevgisi qədər güclü və uzunmüddətli ola bilməz. Övlad sahibi olmaq ürəyini çöldə daşımaq kimidir. Övladının qayğısına qalmaqdan ötrü bütün vaxtını və enerjisini sərf etməyə hazır olan analar körpəsinə görə heç vaxt başqası üçün etməyəcəkləri çox şeylərə razı olurlar.

Analar uşağı üçün arzuolunmaz təhlükə yarandıqda, düşünmədən onu qorumaq üçün özünü qurban verə bilər. Ana sevgisinin formalaşması hamiləlikdən başlayır. Bu dövrdə yaşanan mühüm hormonal dəyişikliklər, ananı doğuşdan sonra körpəsi ilə əlaqə saxlamağa və onu qorumağa hazırlayır.

Sevgi və bağlılıq hormonu olaraq bilinən oksitosin hormonunun səviyyəsi hamiləliklə birlikdə yüksəlir. Beləliklə, gələcək ana körpəsinə hələ hamilə ikən onunla bağını gücləndirir. Onunla danışmaqla, qarnını sevməklə, ona xoşladığı layla oxumaqla aralarında bir bağ yaranmağa başlayır.

Bağlanmada təsirli olan digər hormon isə doğum sancılarının son mərhələsində ifraz olunan endorfin hormonudur. Endorfin insan orqanizmi tərəfindən təbii olaraq istehsal edilən ağrı kəsicidir və morfin kimi sakitləşdirici təsir göstərərək doğuşu asanlaşdırır. Uşaq doğulanda ağrılar bir anda unudulur, çünki doğumdan sonrakı ilk saatlarda endorfin hormonunun səviyyəsi hələ də yüksəkdir.

Ananın doğuşdan sonra körpəsini qucağına alması, ona toxunaraq ünsiyyət qurması və qidalandırmağa başladığı zaman bağlanma və sevgi hormonu olan oksitosin yüksək səviyyədə ifraz olunmağa davam edir. Ancaq araşdırmalar göstərir ki, ana sevgisini yaratmaq üçün təkcə hormonlar kifayət deyil.

Bağlanma ilə güclənən ana sevgisi, mənəvi və fiziki yardıma möhtac doğulan körpənin bütün ehtiyaclarını qarşılamaq üçün lazımi şəraiti təmin edir. Ancaq bu hissin inkişaf etməsi üçün ana ilə körpə arasındakı ünsiyyət və toxunma əlaqəsi təmin edilməlidir.

Ana sevgisini bənzərsiz edən başqa bir xüsusiyyət də bu sevgi sayəsində anaların qavrayışlarının daha güclü və kəskin olmasıdır. Məsələn, ana gecə yatarkən belə körpəsinin ən kiçik hərəkəti ilə oyanır və ehtiyaclarını ödəyir.

Ana sevgisi və onunla etibarlı əlaqə uşağın emosional və sosial inkişafının əsasını təşkil edir. Ana sevgisinin dərəcəsi uşağın sosial ünsiyyət bacarıqlarına, empatiya qurma qabiliyyətinə və hətta qarşı cinslə gələcək romantik münasibətlərin keyfiyyətinə təsir edə bilər.

Uzunmüddətli və ciddi əlaqələr qurmaqda çətinlik çəkən yetkinlərin klinik tarixçəsi nəzərə alındıqda, onların uşaqlıq dövründə etibarlı bir ana-uşaq bağı yaşamadıqları görülür. Ancaq sonrakı dövrlərdə yaşanan müsbət münasibətlər və güvənə əsaslanan sevgi dolu həyat yoldaşı sayəsində ana sevgisi olmadan böyüyən uşaq, özü yaşamasa belə, övladına ana sevgisini verə bilir.

Analıq dünyanın ən yaşanası və möhtəşəm nemətlərindən biri kimi tanınır və analar aldıqları hər cür tərifə layiqdirlər. Çünki uşaqlar anaları ilə qurduqları təhlükəsiz münasibətlərlə özlərinə və ətraflarına güvənməyi öyrənirlər.

Ana, zəhmətini və ürəyini sərf edərək övladını ən gözəl şəkildə yetişdirəndir. Ana sevgisi və onunla etibarlı əlaqə uşağın emosional və sosial inkişafının əsasını təşkil edir. Ana məhəbbətinin dərəcəsi uşağın sosial ünsiyyət bacarıqlarına, empatiya qurma qabiliyyətinə və hətta qarşı cinslə gələcək romantik münasibətin keyfiyyətinə təsir edə bilər.

Ana və uşaq münasibətlərində ardıcıllıq, davamlılıq və bağlılıq uşağa həyatının ilk və ən vacib hissini verir ki, bu güvən hissidir. Anasının sağlam davranışları ilə uşaq əvvəlcə anasına, sonra özünə güvənməyi öyrənir.

Ana övladını qeyd-şərtsiz sevir. Sağlam ana-övlad münasibəti üçün ananın daimi, ardıcıl və balanslı qayğı və müdafiəsi böyük əhəmiyyət kəsb edir.

Körpələrlə oyun oynamaq və emosional ünsiyyət qurmaq ana ilə körpə arasındakı bağın möhkəmlənməsində çox təsirlidir. Göz təması qurduğunuz, sevgi ilə qucaqlaşdığınız, əyləndiyiniz və bol-bol gülümsədiyiniz oyunlar körpənizlə sağlam və təhlükəsiz əlaqə yaratmağa imkan verir.

SİA ana və övlad münasibəti haqqında araşdırma edərək ekspert və psixoloqların fikirlərini öyrənib.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə: "Azərbaycanda ailədaxili qətillərin artması ciddi narahatlıq doğurur. Təəssüf ki, indi damarlarında eyni qanı daşıyan adamların bir-birilərinə qənim kəsildiyinin, hətta bir-birilərini qəddarcasına qətlə yetirdiyinin şahidi oluruq. Cəmiyyətdəki aqressiya sürətlə ailələrə də sıçrayır. Bu fonda valideynlərin, xüsusilə zərif, incə varlıq olan anaların hədəfə götürülməsi, hətta onların öldürülməsi dəhşətdir. Bu, mənəvi deqradasiyadan xəbər verir.

Ananın Azərbaycan kimi mental dəyərlərə bağlı olan ölkələrdə dəyərı ölçüyəgəlməzdir. Ana müqəddəs varlıqdır. Müqəddəs dinimiz də anaya böyük dəyər verib. Islam Peyğəmbəri buyurub ki, cənnət anaların ayaqları altındadır. Ananın müqədəsliyinə dair saysız-hesabsız hədislər də var. Bütün bunlar bizə anaya qarşı nəinki qəddar, hətta nalayiq davranmağı qadağan edir.

Əgər bu gün Azərbaycan ailəsində bir ana qətlə yetirilirsə, bu təkcə həmin ailənin faciəsi deyil. Bu həm də cəmiyyətin faciəsidir və bu dəhşətli hadisənin məsuliyyəti həm də bizlərin çiynindədir. Görünür, tərbiyə prosesində ciddi səhvlərə yol vermişik. Buna görə də cəmiyyəti təşkil edən ayrı-ayrı fərdlər təkcə öz övladlarının deyil, həm də digər uşaqların düzgün tərbiyə olunmasının qeydinə qalmalıdır".

Psixoloq Vüsalə Əmiraslanova: "Ana övladın həyatında tərbiyəedici yol oynayır. Övlad ana ilə daha çox təmasda olur və ona görə də onun hərəkətlərini çox mənimsəyir. İşləyən analarla evdar analar arasında fərq çoxdur.

Biz məcburuk ki, övladlarımızı 3 yaşına kimi özümüz tərbiyə edək. Daha sonra məktəbəqədər müəssilərə göndərilir.

Son vaxtlar övladla ana arasındakı problemlər sırf münasibətlərin korlanmasına görədir. Onlar az vaxt keçirir, daha uzaq olurlar. Valideyn də işdən gələndə onlara qarşı daha aqressiv olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə