Naxçıvan Muxtar Respublikasında inkişafın yeni mərhələsi

Qədim dövlətçilik tarixi olan Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyevin rəhbərliyi ilə 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl respublikalardan biri olan Azərbaycanda böyük sosial quruculuq işləri aparılır və bu inkişaf Naxçıvandan da yan keçmirdi. Azərbaycan müstəqillik qazandıqdan sonrakı mərhələdə, daha dəqiq Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə sürətli inkişaf dövrü yaşanır və müstəqilliyimizin banisi Heydər Əliyevin inkişaf strategiyası Naxçıvanın da sürətli inkişafına əhəmiyyətli təsir göstərirdi.

Bu gün də Naxçıvanda bütün sosial, iqtisadi, infrastruktur və hərbi məsələlər yüksək səviyyədə öz həllini tapır. Naxçıvan Muxtar Respublikasının çoxşaxəli iqtisadiyyatının formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilir. Tarixi İpək Yolunun üstündə yerləşən, geostrateji əhəmiyyətə malik, türk dünyasının birliyi və həmrəyliyində oynadığı rolu ilə fərqlənən bu qədim diyar demək olar ki, inkişafının intibah dövrünü yaşayır.

Ötən həftə - 10 may 2021-ci il tarixində Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı son illərdə Naxçıvanda görülən işlər barədə ətraflı məlumat verdi. Naxçıvana sayca 15-cı dəfə səfər edən dövlət başçısının bölgəyə hər gəlişi yeni bir layihənin açılışı, yeni bir tikilinin istifadəyə verilməsi ilə yadda qalır. Bu mənada 10 may tarixli səfər də istisna təşkil etmədi. Səfər çərçivəsində Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə, “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə və Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış oldu. Bununla yanaşı, ölkə başçısı “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin, Culfa-Ordubad magistral avtomobil yolunun, Süni Mayalanma Mərkəzinin, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışlarında iştirak etdi. Beləliklə, Naxçıvan Muxtar respublikasında görülən işlər göz qabağındadır.

Qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin Naxçıvana səfərinin əsas rəmzi mənası İkinci Qarabağ müharibəsi sonrası ordusu, saxta hərbi imici tamamilə darmadağın edilən Ermənistandan fərqli olaraq Azərbaycanın hərbi qüdrətini daha da gücləndirmək müstəvisində ordu quruculuğunu uğurla, düşünülmüş şəkildə davam etdirməsi ilə əlaqədardır. Dövlətimizin başçısının iştirakı ilə Naxçıvan Muxtar Respublikası kimi strateji bölgədə Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışı dediklərimizin sübutudur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın Şərqə açılan qapısı olan Naxçıvanın müdafiə potensialının möhkəmlənməsi hər zaman diqqətdə saxlanılan məsələdir. Sitat: “Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir”. Həqiqətən də Günnüt əməliyyatı Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun potensialını açıq şəkildə ortaya qoydu. Xüsusi olaraq vurğulanmalıdır ki, böyük təcrübəyə malik Naxçıvan hərbçiləri İkinci Qarabağ müharibəsində də fədakarlıqlar göstərmiş və şəhidlər vermişdir.

Səfərinin sonunda Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev burada da həm Naxçıvanda görülən və görüləcək işlərdən, həm də Zəngəzur dəhlizi və Naxçıvanla kommunikasiyanın açılmasının türk dünyası üçün əhəmiyyətindən danışaraq bu

məsələnin vacibliyini açıq şəkildə dilə gətirdi. Ölkə başçımız dəfələrlə ən müxtəlif platformalarda Zəngəzur dəhlizi ilə bağlı fikirlərini səsləndirmişdir. Belə ki, hələ 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə və 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyev Zəngəzur bölgəsinin vaxtilə Azərbaycanın tarixi torpağı olduğunu, onu türk dünyasını parçalamaq məqsədilə Azərbaycandan qoparıb Ermənistana birləşdirildiyini bildirmişdi. Zəngəzurun qoparılması ilə türk aləminin vahid bir platformada fəaliyyətinə əngəl yaradılmışdır. Lakin 44 günlük müharibədən sonra bu vəziyyət dəyişdi. Dövlət başçısının bildirdiyi kimi: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.

Heç birimizdə şübhə yoxdur ki, 10 noyabr bəyanatı ilə təyin olunmuş Zəngəzur dəhlizi mütləq icra olunacaq və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan onun əsas hissəsi ilə birləşəcəkdir. Təbii ki, ölkəmizin liderliyi ilə regionda yeni infrastrukturun yaranması Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsi baxımından da əhəmiyyətli üstünlük qazandıracaqdır. Eyni zamanda, bu proses uzun müddət blokada vəziyyətindən əziyyət çəkən Naxçıvan Muxtar Respublikasının daha sürətli inkişafı üçün yeni imkanlar yaradacaqdır. Əminliklə söyləmək olar ki, görülən bütün bu işlər Muxtar Respublikanın inkişafında yeni mərhələnin başlanmasını təmin edəcəkdir.

Vüqar Nəsirov

YAP Pirallahı rayon təşkilatı Aparatının baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...