4-cü sənaye inqilabı mövzusu ADAU-da müzakirə edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün “Dördüncü sənaye inqilabı” mövzusunda onlayn mühazirə keçirilib. SİA xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən mühazirəni Honq-Konq Bilik İdarəetmə və İnnovasiya Tədqiqatları Mərkəzinin (KMIRC) direktoru, Honq-Konq Politexnik Universitetinin Təhsil İnkişaf Mərkəzində Təhsilin İnkişaf etdirilməsi üzrə mütəxəssisi Eric Tsui təqdim edib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Emin Əliyev, ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov mövzunun aktuallığı, ölkəmizdə kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalar, aqrar təhsilin və elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Professor Eric Tsui dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti, sosial-iqtisadi inkişafda rolu, süni intellektdən istifadə ilə bağlı təqdimatla çıxış edib. Onlayn mühazirədə iştirak edən universitetin ingilis bölməsi üzrə müvafiq ixtisaslarda təhsil alan tələbələrinin sualları mühazirəçi tərəfindən cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə