“Xocalı faciəsi: Səbəbləri, nəticəsi və dərsləri” adlı konfrans keçirilib Naxçıvanda

Ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasəti onların “böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir. Xocalı soyqırımı bunun növbəti qanlı nümunəsidir. AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən bildirilib ki, bu sözləri bölmənin sədri, akademik İsmayıl Hacıyev “Xocalı faciəsi: səbəbləri, nəticəsi və dərsləri” mövzusunda keçirilən konfransda deyib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik İsmayıl Hacıyev çıxışında ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, azərbaycanlıların doğma torpaqlarından deportasiyası məsələlərinə toxunub. Mənfur ermənilərin xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə misli görünməmiş cinayətlər törətdiyini deyən bölmə sədri 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı zəfərindən danışıb. Dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən akademik erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin əməkdaşları - tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Xocalı faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət” mövzusunda məruzəsində soyqırımı ərəfəsində ölkədə mövcud olan ağır ictimai-siyasi vəziyyətdən, səriştəsiz rəhbərlərin idarəçilik qabiliyyətinin olmaması səbəbindən xalqın düçar olduğu bəlalardan bəhs edib.

Tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “İnsanlığa qarşı cinayət: Xocalı faciəsi” sərlövhəli məruzəsində müxtəlif dövrlərdə xalqımıza qarşı törədilən cinayətlərə toxunub, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində qəddarlıqla həyata keçirilən soyqırımı - Qaradağlı faciəsini xatırladıb. O, bu faciədən qısa müddət sonra Xocalıda törədilən amansız qətliamın baş vermə səbəblərindən danışıb. Tədqiqatçı 1905-ci, 1906-cı, 1917-ci və 1918-ci illərdə Xocalının erməni təcavüzünə məruz qaldığını vurğulayaraq, onun mühüm geostrateji mövqeyindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan tarixinin ən ağrılı səhifələrindən olan Qaradağlı və Xocalı faciələri dinc əhaliyə qarşı törədilmiş soyqırımlardır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Xocalı faciəsi ədəbiyyatda” mövzusunda məruzəsində Xocalı faciəsinin bədii ədəbiyyat nümunələrində real təsvirinin oxucularda bədii yaddaş formalaşdırdığını, gənc nəsildə milli vətənpərvərlik hissi aşıladığını diqqətə çatdırıb. Ədəbiyyatın sərhəd tanımadığını qeyd edən məruzəçi Xocalı faciəsinə həsr olunmuş bədii nümunələri səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...