Koronavirusla mübarizə ilə bağlı bütün lazımı tədbirlər artıq görülüb - ÖZƏL ŞƏRH

“Bu gün bütün dünya və həmçinin ölkəmiz üçün ən ümdə və gündəmi məşğul edən məsələ koronavirusla mübarizədir. Azərbaycanda koronavirusla mübarizə fonunda bir çox təqdirəlayiq işlər görülüb. Bu məsələdə Azərbaycan səhiyyəsi də cənab Prezidentin tapşırıq və tövsiyyələri ilə üzərinə düşən vəzifələri yerinə yetirir. Koronavirusla mübarizə zəmnində tibb işçilərimizin göstərdiyi qəhrəmanlıq bunun bariz nümunəsidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Millət vəkilinin sözlərinə görə, bir müddət əvvəl cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə “Yeni Klinika” tibb müəssisəsinin açılışı koronvirusla mübarizə zəminində atılan ən vacib addımlardandır: “Bu müəssisənin açılışı bir müddət sonraya nəzərdə tutulmuşdu, lakin mövcud vəziyyətlə əlaqədar klinika cənab Prezidentin tapşırığı ilə işlər sürətləndirilərək tez bir zamanda təhvil verilib. Həmin tibb müəssisəsində koronavirusa yoluxan xəstələr yerləşdirilib və onların müalicəsinə başlanılıb. Ümumiyyətlə bu gün Azərbaycan Respublikasının bütün tibb müəssisələrində xəstələrin yerləşdirilməsi, həmin xəstələrin tibbi ləvazimatlarla, dərman preparatları və respiratorlarla təmin edilməsi yüksək səviyyədədir. Dövlət olaraq Səhiyyə sahəsində bütün lazımı tədbirlər artıq görülüb və bu sahədə işlər ən yüksək səviyyədə icra olunur. Həkimlərimiz də bu çətin zamanda öz işlərinin öhdəsindən qəhrəmancasına gəlirlər. Bütün bu işlərdə öz köməyini əsirgəməyən könüllülərimizi də unutmaq olmaz. İstər tibb sahəsində, istərsə də digər sahələrdə fəaliyyət göstərən könüllü gənclər bu çətin zamanda öz dəstəklərini əsirgəmirlər”.

K.Əliyeva qeyd edib ki, ölkədə tibbi maska çatışmazlığı olduğu hər birimizə məlumdur: “Bu məsələ təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində problem halına gəlib. Çünki belə bir epidemiyadan heç bir ölkə sığortalanmayıb və bu virusun qısa zamanda bu tezlikdə yayılması ilə dünya ölkələri öngörülməz problemlə qəfil üz-üzə qalıblar. Ona görə də apteklərdə maska çatışmazlığı ilə qarşılaşmaq anlaşılandır. Yaşanan bu problemin həlli ilə əlaqədar Azərbaycan qısa zamanda tibbi maskalar istehsal edən müəssisənin açılmasına nail olub. Həmin müəssisənin açılışında prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edib. Düşünürəm ki,bununla da ölkədə yaşanan tibbi maska çatışmazlığı da öz həllini tapacaq. Həmin müəssisə özfəaliyyətini davam etdirəcək və Azərbaycan öz tələbatını ödəməklə yanaşı, xaricə də tibbi maska ixrac edəcək. Bu müəssisənin açılması eyni zamanda qeyri-neft sektoruna da öz töfhəsini vermiş olacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə