"Azərbaycan həkimlərinə eşq olsun!"

Alov Qüllələrində Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" fikri, "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" sloqanları əks olunub.

Prezident bu gün “Yeni klinika”nın açılışındakı çıxışında həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçiriləcəyini və ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə münasibətin əks olunacağını bildirmişdi.

Eşq olsun Azərbaycan həkimlərinə!

Bu gün bütün dünya koronavirusla mübarizədə ön cərgədə gedən, yorulmadan gecə-gündüz çalışan, həyatlarını risk altına atan həkimləri alqışlayır, onlara inanır və onlara güvənirlər. Azərbaycan həkimləri əsl peşəkarlıq, iradə nümayiş etdirir, bu çətin problemin öhdəsindən gəlmək üçün var qüvvələri ilə çalışırlar. Bu gün və sabah xalqın sağlamlığı, təhlükəsizliyi həm də həkimlərin əməyindən birbaşa asılıdır. Azərbaycan dövləti həkimlərin əməyini yüksək qiymətləndirir, onların məhsuldar və səmərəli fəaliyyətini təmin etmək üçün bütün mümkün işləri görür, koronavirus xəstələrini müalicə edən, onlara qulluq edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görür. Dövlətin gördüyü işlər, həkimlərin əməyi, birlik və həmrəylik, məsuliyyət çətin sınaqdan az itkilərlə çıxmağa, vətəndaşları qorumağa imkan verəcək.

Bunun üçün ölkəmizdə mükəmməl səhiyyə infrastrukturu yaradılıb. Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülüb. 2004-cü ildən bu günədək 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Təbii ki, əgər vaxtında müasir səhiyyə infrastrukturu formalaşdırılmasaydı, koronavirus pandemiyasına, eləcə də digər xəstəliklərə qarşı mübarizə aparmaq mümkün olmazdı.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə martın 28-də Bakıda istifadəyə verilən “Yeni klinika” bütün müasir standartlara cavab verir. Ölkəmizin aparıcı xəstəxanası olan bu tibb ocağının fəaliyyətə başlaması koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, hazırda koronavirus xəstələri ən həssas təbəqədir və onların müalicəsi, bu qəbildən olan xəstələrə lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. Son illərdə Azərbaycanda həkimlərinin peşəkarlığı böyük dərəcədə artıb. Bu gün həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar. Həkimlərin əsas motivasiyası maddi təminat deyil, vəzifə borcunu yerinə yetirmək, Hippokrat andına sadiqlik göstərməkdir. Azərbaycan həkimləri xalqımıza xas ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərirlər. Həkimlər ən yüksək qiymətə layiqdirlər. Bu ağır günlərdə həkimlərimizin əməyi, fədakarlığı yüksək qiymətləndirilir, onlara həmrəylik və dəstək göstərmək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.

Azərbaycan vətəndaşları həkimlərə güvənir, onların yorulmaz fəaliyyətinin, misilsiz töhfələrinin nəticəsiz qalmayacaqlarına inanırlar. Bu gün həkimlərə kömək göstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur.

Bütün xəbərlər Facebook səhifəmizdə