2020-ci ilin ilk aylarında dünyanı sarsıdan hadisələr - ARAŞDIRMA -FOTOLAR

2020-ci ilin yanvar ayında zəlzələlərdən yanğınlara, virus epidemiyasından təyyarə qəzalarına qədər dünyanı sarsıdan bir çox hadisələr yaşanıb. SİA 2020-ci ilin yanvar ayının ən çox əks-səda doğuran hadisələrini təqdim edir:

ABŞ iranlı general Qasım Süleymanini öldürüb

2020-ci ilin ilk günlərində ABŞ-ın raket hücumu nəticəsində Bağdad hava limanı yaxınlığında iranlı general Qasım Süleymaninin öldürülməsi dünyaya səs salan hadisələrdən oldu. İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Süleymaninin pilotsuz uçan aparatla öldürülməsindən sonra İranda üç günlük milli matəm elan edildi və Süleymaninin cənazəsində yaşanan izdihamda 50-dən çox insan həyatını itirdi.

İran ABŞ-ın İraqdakı 2 bazasını vurub

İranda çox böyük nüfuza malik olan Süleymaninin öldürülməsindən sonra İranın ABŞ-a qarşı sərt reaksiyası özünü çox gözlətmədi. Tehran rəhbərliyi Süleymaninin qətlinə görə qisas almaq üçün ABŞ-ın Ərbil və İraqdakı Ayn əl-Əsəd bölgəsindəki aviabazalarını vurdu. Tehran rəhbərliyi hücumlarda 80 ABŞ əsgərinin öldüyünü açıqlasa da, Pentaqon ölənlərin olmadığını, 34 əsgərin beyin travması aldığını söyləyib.

İran Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsini təsadüfən vurdu: 176 ölü

İki gün sonra İran hərbçiləri təsadüfən Ukrayna Hava Yollarına məxsus bir sərnişin təyyarəsini vurmaqla böhranı daha çox beynəlxalq müstəviyə apardı. 176 sərnişin daşıyan "Boeing 737 PS"-752 reysinin iki mərmidən atəşə tutulduğu bildirilib, qəzada sağ qalanlar olmayıb. İran rəsmiləri ilk açıqlamalarında təyyarənin tezniki nasazlıq səbəbindən qəzaya uğradığını söyləyiblər.

İndoneziyada daşqın: 53 nəfər ölüb

İndoneziyada güclü Mason yağışlarının yaratdığı sel və torpaq sürüşmələrində ən az 53 nəfər ölüb. Yeni il gecəsi başlayan və təxminən 4-5 gün davam edən yağışlar səbəbindən 200 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Fövqəladə Agentlik İdarəsi (BNPB) 30 milyon insanın sel sularının yaratdığı problemlərə baş-başa qaldığı barəbə açıqlama yayıb. Bu təbii fəlakət son 13 ildə ən böyük sel fəlakəti kimi qeydə alınıb.


Filippində qorxulu partlayış: Taal vulkanı fəaliyyətə başlayıb

Tarixlər 12 yanvar tarixini göstərəndə dünyanın ən kiçik vulkanı olan Taalın püskürməsi, 2020-ci ildə ən çox danışılan hadisələrdən biri olub. Partlayış nəticəsində ölən və yaralanan olmasa da, vulkan ətrafındakı kəndlərdə yerli sakinlər və turistlər ehtiyat tədbir olaraq ərazini tərk etməyə başlayıblar. Ölkədə baş verən zəlzələ və sunami fəlakətləri səbəbindən minlərlə insan həyatını itirib.

Pakistanda uçqun fəlakəti: Kəşmirdə qar altında 57 nəfər həyatını itirib

14 yanvarda Pakistanın nəzarətində olan Kəşmir bölgəsində baş verən uçqun fəlakəti dünya gündəmini bu bölgəyə cəlb edib. Baç verən hadisədə 57 adam qar altında qalaraq həyatını itirib. Rəsmilər, ölkənin son 20 ildə ən güclü qar yağışını yaşadığını söyləyirlər. Pakistan Meteoroloji İdarəsi, yanvar ayında orta hesabla 50 santimetr olan qar qalınlığının son günlərdə yağıntı ilə 1,4 metr olaraq ölçüldüyünü açıqlayıb.

Avstraliyada meşə yanğınları: 25 nəfər ölüb, 1,25 milyard heyvan tələf olub

2020-ci ilin Yanvar ayında ən çox danışılan hadisə Avstraliyada aylardır davam edən və nəzarət altına alına bilməyən meşə yanğınları olub. Alovlar nəticəsində 25 nəfər ölüb, 8 milyon hektar meşə və yaşıllıq əraziləri kül olub. Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) Avstraliyadan edilən son açıqlamada, təxminən 1,25 milyard heyvanın öldüyünü təxmin etdiklərini söyləyib. Avstraliya Sığorta Təşkilatı ümumi zərərin 700 milyon dolları keçdiyini, təxminən 2000 min evin kül olduğunu açıqlayıb.

Çində koronavirus həyəcanı: 135-dən çox insan ölüb, 6000 adam virusa tutulub

Çində virusun yayılması bir anda dünyanın diqqətini Uzaq Şərqə çevirib. Şərqi Türküstandakı bir milyona yaxın uyğur və digər azsaylı müsəlmanların konsentrasiya düşərgələrində saxlanılması ilə bağlı iddialar davam edərkən, Çin xəbər başlıqlarına, ölkənin 11 milyonluq əhalisi olan Uhan bölgəsində sürətlə yayılan və koronavirus adlanan virus epidemiyası bu günə qədər 135 insanın ölümünə səbəb olub. Bu da öz növbəsində dünya ictimai rəyində 1 nömrəli məsələlərindən birinə çevrilib. Çin hakimiyyəti bu günə qədər 6000-dən çox insanın virusa yoluxduğunu açıqlayıb. Epidemiyanın sürətlə yayılması ABŞ-da, Fransada və Avropanın bəzi ölkələrində bununla bağlı narahatlıq doğurub. Çindən başqa koronavirusa digər Uzaq Şərq ölkələrində - Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, Sinqapur və Nepalda, o cümlədən Hong Kong, Makao kimi iri şəhərlərdə rast gəlinib, ABŞ-da 1, Fransada 3, BƏƏ-də 1nəfər bu virusa yoluxub.

Elazığ 6.8 ballıq zəlzələ ilə sarsılıb: 40 min köhnə tikili yararsız hala düşüb

Türkiyənin Elazığ bölgəsində baş verən 6.8 ballıq zəlzələ nəticəsində dağıntılar və insan itkisi ölkə və dünya gündəmində müzakirə olunan hadisələr sırasında olub. İndiyə qədər ölənlərin 40 nəfər olduğu açıqlanıb. Axtarış-xilasetmə işləri sürətlə davam edir, Elazığ və qonşu yaşayış məntəqələrində minlərlə bina yararsız hala düşüb. Qeyri-hökumət təşkilatları ölkədə zəlzələ qurbanlarına kömək üçün səfərbərlik elan ediblər.

NBA ulduzunun ölümü

Məşhur NBA ulduzu Great Kobe Bryant 20 yanvarda vertolyot qəzasına düşüb və həyatını itirib. Bu hadisə idman dünyasını yasa qərd edib. Dünya mediası bu hadisəni manşet xəbəri kimi dərc edib. Qəzanın yerli vaxtla səhər saat 10 radələrində Los Ancelesin Calabasas rayonu ətrafındakı dumanlı hava səbəbiylə meydana gəldiyi açıqlanıb. Bryant və 13 yaşlı qızı Gianna Maria ilə birlikdə vertolyotda olan 9 nəfərdən sağ qalan olmayıb. 41 yaşlı əfsanə ulduz "Los Angeles Lakers"in formasını 20 il geyinib.

Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Aryana Hava Yollarına məxsus bir sərnişin təyyarəsinin Əfqanıstanın Qəznə bölgəsində qəzaya uğradığı haqda məlumat yayılıb. Əfqanıstanın vitse-prezidenti təyyarənin Aryana Hava Yollarına aid olduğunu açıqlasa da, hələlik hava yolları tərəfindən açıqlama verilməyib. Təyyarədə 83 nəfərin olduğu bildirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə