Əcnəbi tələbələr məktəblilərlə görüşüb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində şagirdlərlə Azərbaycandan və Avropa İttifaqına (Aİ) üzv olan tələbələrin görüşü keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdləri ilə gənclər arasında dialoq yaratmaq, beynəlxalq əlaqələri genişləndirmək, təhsilin inkişafı üçün təcrübə mübadiləsi aparmaqdır.

Görüşlərdə Avropa ölkələrinin Azərbaycanla tərəfdaşlığı və mövcud imkanlar barədə söhbət açılıb. Həmçinin, Avropa İttifaqının dəyər və strukturu haqqında danışılıb, Aİ barədə gənclərin təəssüratları müzakirə edilib. Müxtəlif mövzulara həsr olunmuş təqdimatlarla çıxış edən qonaqlar valideynlərin məktəb idarəetməsinə cəlb edilməsinin əhəmiyyətindən danışıblar.

Görüş zamanı şagirdlərin dil səriştəsinin artırılmasına xidmət edən layihələrdən də bəhs olunub. Xarici dillərin tədrisi üzrə mövcud ehtiyaclar, tələblər və beynəlxalq təcrübənin yerli arenada tətbiqi barədə səmərəli fikir mübadiləsi aparılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə