Zaur Əliyev: "Dövlət vəsaiti kifayət deyil" MÜNASİBƏT

"Prezident İlham Əliyevin tapşırığı ilə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də islahatlar aparılır. İcabri tibbi sığorta aparılan islahatların bir parçasıdır. Bu da əsasən səhiyyənin maliyyələşməsi ilə əlaqədardır". SİA-nın məlumatına görə, bu fikirləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Direktor bildirib ki, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətə başlayıb və peşəkar komanda formalaşıb:"Bununla yanaşı digər təşkilati məsələlərin həlli istiqamətində də işlərimizi davam etdirməkdəyik. Demək olar ki, təşkilati məsələlərin böyük bir qismi artıq öz həllini tapıb. Bizimlə ölkənin bir neçə qurumunun peşəkar ekspertləri çalışır. Xarici ekspertlər də bizimlə əməkdaşlıqda maraqlıdır. Yaxın beş həftə ərzində modelin əsas mərhələlərini müəyyən edəcəyik. Buraya əsas iki məsələ aiddir. Birincisi model necə olacaq? İkincisi isə keçid layihəsi. Keçid layihəsi deyəndə o nəzərdə tutulur ki, Azərbaycanda hazırda pulsuz səhiyyə xidməti mövcuddur və vətəndaşlarımız bundan yararlana bilirlər. Sadəcə təcrübə onu göstərir ki, dövlət tərəfindən ayrılan vəsait bu işlərin həyata keçirilməsi üçün kifayət deyil. Ona görə də bəzi neqativ hallar müşahidə edilir. Amma icbari tibbi sığortanın tətbiqi zamanı səhiyyə sahəsinə daha çox vəsait ayrılacaq. Biz istəyirik ki, keçid dövrünü vətəndaşlarımız rahat şəkildə keçə bilsinlər. Ekspertlərlə məhz bunun üzərində işləyirik. Bu pilot layihə də ola bilər. Pilot layihə konkret region və yaxud da sosial qruplar üçün həyata keçirilə bilər. Təkliflər var ki, hansısa xəstəliyə aid edilsin və ya xəstəxana şəbəkəsində tətdbiq olunsun. Yaxın günlərdə bütün sualların cavabı veriləcək və ictimaiyyət məlumatlandırılacaq".

Zaur Əliyev əlavə edib ki, Azərbaycanda insanlar daha çox qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişir: "Bununla bağlı səhiyyədə konkret dövlət proqramı yoxdur. Onkoloji xəstəliyi olan, dializdən əziyyət çəkən xəstələrə dövlət tərəfindən xüsusi vəsait ayrılır. Lakin qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkən insanlara heç bir vəsait ayrılmır. Biz həm də bu məsələyə diqqətimizi yönləndirmişik. Qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkənlərin xərclərinin icbari tibbi sığorta paketinə daxil edilməsi gündəmdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə