İnformasiya sistemindən 5 milyon 33 min dəfədən çox faydalanılıb

Əhali əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 5 milyon 33 min dəfədən çox faydalanıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi "Elektron hökumət" portalında mühüm yer tutan və əhalinin geniş istifadə etdiyi elektron nailiyyətlərdən biridir.

ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, cari ilin mart ayında əhali bu sistemdən 172 382 dəfə, o cümlədən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidmətindən 152 585 dəfə, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən isə 19 797 dəfə faydalanıb.

"Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti işəgötürənlər və işçilər arasında bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi barədə müvafiq bildiriş formalarının elektron şəkildə qeydiyyatdan keçirilməsinə xidmət edir. İşçilər onlarla bağlanmış əmək müqaviləsi bildirişi barədə məlumat əldə etmək istədikdə isə buna "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidməti vasitəsilə real vaxt rejimində rahat şəkildə nail olurlar.

2014-cü ilin iyul ayından respublikamızda əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar işə salınan və həmin vaxtdan da vətəndaşların daha çox yararlandığı e-xidmətlərdən olan hər iki e-xidmətdən indiyədək 5 033 826 dəfə istifadə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...