Milli Məclisin iki komitəsi birgə iclas keçirdi

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Elm və təhsil komitəsi ilə birgə iclas keçirib. SİA-nın xəbərinə görə, iclas zamanı "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunması üçün parlamentin plenar iclasına tövsiyə edilib.

Qanun layihəsində bildirilir ki, əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hüquq sahibinin və ya onun nümayəndəsinin əsaslandırılmış müraciəti olduqda, əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar mülki işə baxan məhkəmə hüquqpozmaya yol verən şəxsdən pirat məhsulların hazırlanmasında (istehsal edilməsində), yayılmasında və əqli mülkiyyət hüquqlarını pozan xidmətlərin göstərilməsində birbaşa, yaxud dolayı yolla iştirak edən üçüncü şəxslər barədə informasiyaların hüquq sahibinə verilməsini cavabdehdən tələb etmək hüququna malikdir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rəfael Cəbrayılov vurğulayıb ki, parlamentdə birinci oxunuş zamanı edilən çıxışlarda bir sıra hallarda "Əqli mülkiyyət hüququ" anlayışı "Müəlliflik hüququ" anlayışı ilə eyniləşdirilib. Əqli mülkiyyət hüququ ilə müəlliflik hüququ ayrı-ayrı hüquq növləri olduğunu deyən R.Cəbrayılov qeyd edib ki, müəllif hüququ hər kəsin yaradıcı azadlığının olması deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə