Bu il Azərbaycanda 110 min ton buğda tədarük edilərək ehtiyat fonduna qoyulub

Azərbaycanda 2011-ci ildə 110 min ton buğda tədarük edilərək ehtiyat fonduna qoyulub. SİA-nın xəbərinə görə, bunu bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov cümə günü qurumun yaradılmasının 6-cı ildönümünə həsr olunan mərasimdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası məqsədilə bağlanmış müqavilələr üzrə 1 365 min ton buğdanın 2008-ci ildə 115 min ton, 2009-cu ildə 160 min ton, 2010-cu ildə 590 min ton, 2011-ci ildə isə 110 min ton olmaqla cəmi 975 min tonu tədarük edilərək dövlət ehtiyatına qoyulub: "Cari ildə Azərbaycan Dövlət Taxıl Fondu tərəfindən buğda istehsalçılarından 3 222 ton buğda qəbul edilib. Buğdanın fond tərəfindən məhdudiyyət qoyulmadan yerli istehsalçılardan qəbulunun aparılması onlar üçün iqtisadi baxımdan çox faydalıdır".

K. Heydərov həmçinin vurğulayıb ki, son iki ildə dünya bazarlarında əmələ gəlmiş qıtlığa və kəskin qiymət artımına baxmayaraq, Azərbaycanda çörək məmulatlarının qiymətlərini sabit saxlamaq mümkün olub, hazırda daxili bazarda unun və çörəyin qiymətlərində ucuzlaşma müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə