Borcu qaytarmayan şəxsin əmlakına və ya bank hesabına məhdudiyyət qoyula bilərmi? - AÇIQLANDI

“Son vaxtlar çox rast gəldiyimiz hallardan biri də borcun qaytarılmaması və yazılı şəkildə heç bir sənədin olmamasıdır”.

Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, ümumiyyətlə, borc müqaviləsi həm yazılı, həm də şifahi bağlana bilər:

”Hər bir halda borc verərkən yazılı sənədin, müqavilənin olması məqsədəuyğundur, çünki borc qaytarılmadığı halda yazılı sənədlər sübut kimi çıxış edir. Lakin yazılı sənəd olmadıqda isə borcun məbləği, borc verdiyiniz şəxsin kimliyi və s. məlumatları sübut etmək çətindir.

Borcun məbləği 3000 manat və daha çox olduqda, yaxud da tərəflərdən biri hüquqi şəxs olduqda isə borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.

Mülki qanunvericiliyin tələbinə əsasən borc müqavilə əsasında verilir.

Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Mülki Məcəllənin 740-cı maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

Əgər borcalan sizi aldadarsa, borcu geri qaytarmazsa, bu zaman borcun geri qaytarılması üçün ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz. Əgər həmin şəxsin əməlində dələduzluq cinayətinin tərkibi aşkarlanarsa və bu, sübuta yetirilərsə, o zaman borcalan cinayət məsuliyyətinə cəlb oluna bilər.

Yox əgər sübuta yetirilməzsə, mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qarşı tərəfdən borc məbləğini tələb edə bilərsiniz.

Əgər məhkəmə pul tələbinə dair iddianız üzrə iddia tələbinizi təmin edərsə, bununla bağlı qətnamə çıxarır və qətnamə qüvvəyə mindikdən sonra icraya yönəlir. Borclu şəxs həmin qətnaməni icra etməzsə, inzibati və cinayət məsuliyyəti daşıya bilər.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Bundan başqa Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə