1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının digər şəhər və qəzalarında əsasən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınlar Azərbaycan xalqının tarixində ən faciəvi və ağrılı hadisələrdən biri olub. Həmin dövr Azərbaycanın müstəqilliyini qazanmağa çalışdığı, siyasi və hərbi vəziyyətin çox mürəkkəb olduğu bir vaxtı əhatə edirdi. Bu hadisələr zamanı azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlar hərtərəfli planın nəticəsi idi. Belə ki, tarixən erməni millətçilərinin qondarma “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək kimi məqsədi olub və bu çirkin niyyətini həyata keçirmək üçün onlar, ilk növbədə, soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti yürütməyə başlayıblar. Nəticədə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və digər bölgələrdə bolşeviklərin və erməni daşnaklarının birgə törətdikləri soyqırımı nəticəsində minlərlə dinc əhali amansızcasına qətlə yetirilib, evləri, kəndləri yandırılıb, talan olunub, xalqımızın mədəni irsi məhv edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.
Deputat bildirib ki, Mart qırğınları təkcə insanlara qarşı deyil, həm də Azərbaycanın tarixi və mədəni irsinə qarşı yönəlmişdi. Məktəblər, xəstəxanalar, məscidlər, tarixi abidələr məqsədyönlü şəkildə dağıdılmış, xalqın mənəvi varlığına ağır zərbə vurulmuşdu. Bakıdakı Təzəpir, Göy məscid və Şamaxıdakı Cümə məscidi kimi tarixi abidələr bu vandalizmin qurbanı olub. Bütövlükdə bir neçə gün ərzində Bakıda və digər şəhərlərdə törədilən bu qırğınlar zamanı on minlərlə insanın həyatına son qoyulub. Bu qırğınları törədənlər yalnız fiziki məhv etməklə kifayətlənməyib, eyni zamanda, azərbaycanlıların mülkiyyətinə, maddi və mədəni irsinə ciddi ziyan vurublar.
1918-ci ilin mart hadisələri erməni millətçi təşkilatlarının, xüsusilə də “Daşnaksütyun” partiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi faşist siyasətinin bariz nümunəsidir. Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın bilavasitə göstərişi ilə bolşevik-erməni qüvvələri dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş soyqırımı törədiblər. Bu qətliamda Bakı Sovetinin 6 min silahlı əsgəri və “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.
"Tarixi sənədlərə istinad etsək görərik ki, 1918-ci ilin martın 30-dan başlayan soyqırımı əvvəlcədən planlaşdırılıb və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu qırğınların araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradılıb, lakin həmin dövrün siyasi çətinlikləri səbəbindən bu iş tam başa çatdırılmayıb.
Yalnız 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda 1918-ci ilin martında erməni millətçilərinin və bolşeviklərin birgə fəaliyyəti nəticəsində həyata keçirilən qətliamların Azərbaycan xalqına qarşı soyqırımı aktı olduğunu bildirilib, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb.
“Mart hadisələri uzun illər xalqımızdan gizlədilmiş, bu qətliamın əsl mahiyyəti təhrif edilmişdir”, - deyə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bildirib. Bu tarixi qərar ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə törətdikləri qırğınların dövlət səviyyəsində tanınması, ona ilk hüquqi-siyasi qiymətin verilməsi baxımından əhəmiyyətli idi.
Bu gün də Azərbaycan dövləti və ictimaiyyəti Ulu Öndərin yolunu davam etdirərək erməni millətçilərinin tarixi cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün prinsipial mövqe sərgiləyir, soyqırımı cinayətlərinin dünya miqyasında tanınması üçün ardıcıl səylər göstərir. Bu, yalnız keçmişin deyil, həm də gələcəyin təhlükəsizliyi üçün vacib amillərdəndir.
Bu soyqırımı erməni millətçilərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin yalnız bir hissəsidir. Xüsusilə 1905-1906-cı, 1918-1920-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar nəticəsində yaşayış məntəqələri dağıdılıb, əhalinin bir hissəsi isə öz torpaqlarından didərgin salınıb",- deyə A. Allahverənov vurğulayıb.
Deputatın sözlərinə görə, sonrakı dövrlərdə də bu siyasət davam etdirilib. 1948-1953-cü illərdə 100 mindən çox azərbaycanlı öz dədə-baba yurdlarından – indiki Ermənistan ərazisindən deportasiya edilib.
1988-ci ildən başlayaraq isə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı ərazi iddiaları ilə çıxış edərək yeni təcavüzkar siyasət həyata keçirdi. Bu təcavüz nəticəsində Xocalı soyqırımı törədildi, Qarabağ və ətraf rayonlar işğal edildi, minlərlə insan həlak oldu, yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi.
Ümumiyyətlə, bu hadisələrdə əsas hədəf dinc azərbaycanlılar olub. 2007-ci ildə Quba şəhərində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan kütləvi məzarlıqlar bu faciənin miqyasını açıq şəkildə təsdiqləyir. Kütləvi məzarlıqda tapılan insan qalıqları bu soyqırımın necə geniş və qanlı bir hadisə olduğunu göstərir. Quba yaxınlığındakı məzarlıq soyqırımı ilə bağlı ən böyük və ən əhəmiyyətli kütləvi məzarlıq kimi tarixə düşüb.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalayıb və 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışını edib.
Prezident İlham Əliyevin 2013-cü ildə Quba Soyqırımı Memorial Kompleksinin açılışı zamanı çıxışı bu məsələyə dövlətin ciddi yanaşmasını bir daha təsdiq edir. Prezident qeyd etmişdi: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir…”. Bu çıxış bir daha göstərir ki, erməni faşizmi təkcə 1918-ci ildə deyil, XX əsrin müxtəlif dövrlərində, o cümlədən İkinci Dünya müharibəsi zamanı və 1988-ci ildən bəri Qarabağda da öz qanlı izlərini qoyub.
O əlavə edib ki, bu gün Azərbaycan dövləti bu tarixi ədalətsizliyin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün mühüm işlər görür. 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və bu faciənin beynəlxalq səviyyədə tanınması üçün səylər davam etdirilir. Tarixi faktların dünya ictimaiyyətinə düzgün çatdırılması, saxta erməni təbliğatının ifşası və ədalətin bərqərar olması hər bir azərbaycanlının ümdə vəzifəsi, Ulu Öndər Heydər Əliyev dediyi kimi, “soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə