İstiqlal sevdalısı - Əhməd Cavad - FOTOLAR

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən 2022-ci il “Əhməd Cavadın 130 illiyi”nin qeyd olunması ilə əlaqədar respublikada silsilə tədbirlər davam etdirilir. Növbəti dəfə Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “İstiqlal sevdalısı – Əhməd Cavad” adlı ədəbi-bədii gecə keçirildi.

Azərbaycan Dillər Universitetinin 3 saylı binasının Akt zalında təşkil olunmuş ədəbi-bədii gecədəADU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak etdilər.

Ədəbi-bədii gecə tələbələrin Əhməd Cavadın həyat və yaradıcılığı haqqında maraqlı məlumatları ilə başladı. Şairin qısa ömründə yazdığı şeirlər Azərbaycan, alman və rus dillərində səsləndirildi, şeirlərə bəstələnən mahnılar və rəqslər ifa olundu.

Tələbələrin çıxışlarından sonra tədbirin təşkilatçısı Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dos. X.S.Əsgərova İstiqlal sevdalısı Əhməd Cavad haqqında maraqlı faktlar söylədi. Tədbirin qonaqları ADU-nun rektorunun məsləhətçisi A.Osmanlı, Təhsil 1 fakültəsinin dekanı fil.e.d., prof. F.Cahangirov, Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi L.Qurbanova və Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi N.Hüseynova vətən sevdalı şairin həyat və yaradıcılığı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.

Maraqlı çıxışlarına görə tələbələr dekanlıq tərəfindən təşəkkürnamə ilə təltif olundular.

Ədəbi-bədii gecənin sonunda qonaqlarla birlikdə xatirə şəkli çəkildi.

Bütün xəbərlər Facebook səhifəmizdə