"Gəncədə oxuduğum məktəbə raket düşüb"

Gəncədə yaşayan Əməkdar artist Abbas Bağırov Ermənistanın ora raket atdığı an yaşadıqlarından danışıb. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Gəncədə oxuduğum məktəbə də raket düşüb. Bu, düşmənin son dərəcə özünü zəif göstərməsidir. Düşmən adına da layiq olmaq lazımdır. Düşmən səngərdə döyüşər. Onlar isə dinc əhalinin yatdığı yerdə üstünə bomba atır.

Bizim ürəyimizdə, düşüncələrimizdə qorxu yoxdur. Bütün gəncəlilər qorxmur. Gəncə tarixi, müharibələr görən şəhərdir. Biz 1990-cı illərdə də müharibənin şahidi olmuşuq. İnşallah, acılar tez bitər. Anaların gözündəki yaş sevinc göz yaşı olar. Evdə oğlum bomba səsi eşidəndə üzümə baxır. Məcbur ona gülürəm. Uşaq stresi daha pis keçirir. Üzü qanlı, valideynlərini itirən uşaqların stresini başa düşmək olmaz. Dəhşət bir şeydir.

Ermənistanın insanlara atdığı raketi dünyanın heç bir yerindəki müharibəsində dinc insanların üstünə atmayıblar. Təsəvvür edin raket günorta atılsaydı nə olardı? Raketin düşdüyü binanın yaxınlığında uşaq bağçası, ticarət mərkəzi var".

Bütün xəbərlər Facebook səhifəmizdə