Qələbəni təmin edən "güclü ordu - güclü dövlət" strategiyası

Erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı ədaləti bərpa etmək, öz hüququnu təmin etmək, dövlətini, dövlətçiliyini qorumaq uğrunda daim mübarizə aparıb. 2020-ci il sentyabrın 27-də xalqımızın mənfur düşmənin hərbi təxribatlarına cavab olaraq başladığı haqq savaşında olduğu kimi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq”.

44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var. Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Bütün bu xüsusiyyətlər məhz Prezident İlham Əliyevdə cəmləşib. Dövlətimizin başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi hərtərəfli islahatlarda, mühüm layihələrin müvəffəqiyyətlə reallaşdırılmasında, humanizm, tolerantlıq ideya və prinsiplərinin uğurla inkişaf etdirilməsində, dünyamiqyaslı mühüm tədbirlərin və mötəbər beynəlxalq forumların yüksək səviyyədə təşkil olunması və keçirilməsində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və əzmkar fəaliyyəti xüsusilə qeyd olunmalıdır.

Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsinə ölkəmizin ədliyyə işçiləri də öz töhfələrini veriblər. Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Qarabağın azadlığı uğrunda savaşmaq, şanlı tariximizin real iştirakçısı olmaq, Vətən müharibəsinə könüllü olaraq yollanmağım məndə böyük qürur hissi yaradır. Düşməndən qisas almağı qarşısına məqsəd qoyan mərd oğullarımız kimi qələbə ilə dönəcəyimizə heç şübhəm yox idi. Əminliklə deyə bilərəm ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Müharibə gerçəkliyində dərk edirsən ki, qarşıda düşmən var, onun hədəfindəsən, müqəddəs torpağını təcavüzkardan təmizləməlisən, geriyə qalib kimi dönməlisən. Döyüş ruhu varsa, bu, insana mənəvi güc verir.

Döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi. Müharibədə yalnız bir amal uğrunda düşünürsən. Düşməni qovmaq, məhv etmək və daim irəli getmək. Vətən bizlər üçün hər şeydən vacib və müqəddəsdir. Vətənimizin ərazi bütövlüyü qəhrəmanlarımızın və şəhidlərimizin qanı, canı bahasına təmin olunub. Biz bu Qələbə ilə bütün Şəhidlərimizin qisasını aldıq.

44 gün davam edən şanlı Vətən müharibəsi nəticəsində ölkəmizin hərbi-siyasi uğuru, ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına 30 il düşmən əsarətində qalan torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub.

Müharibədən sonra "Ağdamın işğaldan azad olunmasına görə" və "Vətən Müharibəsi İştirakçısı" medalları ilə təltif olundum. Ədliyyə Nazirliyi döyüşlərdə iştirak etmiş əməkdaşların, o cümlədən şəhid ailələrinin qayğıları ilə davamlı maraqlanır, onların problemlərini daim diqqətdə saxlayaraq zəruri köməklikləri göstərir. Vətən müharibəsindəki misilsiz qələbəmizdən sonra da Ədliyyə naziri cənab Fikrət Məmmədov tərəfindən təltif olunaraq, qiymətli hədiyyələrlə mükafatlandırıldım. Bizlərə göstərdiyi yüksək diqqət və qayğıya görə cənab nazirə dərin minnətdarlığımızı bildiririk.

Əminliklə deyə bilərik ki, ədliyyə işçiləri öz vəzifə borclarını bundan sonra da layiqincə yerinə yetirəcək, dövlət müstəqilliyimizə qarşı yönəlmiş bütün təhlükələrin aradan qaldırılmasında əvəzsiz rol oynayacaqlar.
Ölkəmizdə qanunçuluğun qorunması, ədalətin hər şeydən ucada qalması, hər bir soydaşımızın qazanılan tarixi Qələbəmizə layiq olması üçun biz ədliyyə işçiləri də qəhrəman əsgər və zabitlərimiz kimi ən yüksək vətənpərvərlik və fədakarlıqla çalışmağa borcluyuq.

Rasim Ağazadə
Vətən Müharibəsi iştirakçısı Astara Rayon Məhkəməsinin Məsləhətçi İclas Katibi

Bütün xəbərlər Facebook səhifəmizdə